Mehriban Əliyeva güləş yarışını izlədi - FOTOLAR

Mehriban Əliyeva güləş yarışını izlədi - FOTOLAR
  05 Dekabr 2014    Oxunub:2647
Parisin qış sirkində Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü keçirilib.

Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə yanaşı, yoldaşlıq görüşünü izləyənlər arasında Fransanın idman üzrə dövlət katibi Tiyeri Brayar, Beynəlxalq Güləş Federasiyasının prezidenti Nenad Laloviç, Fransa hökumətinin, parlamentinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri də olub. Mərasim Azərbaycan və Fransanın dövlət himnlərinin səslənməsi ilə başlayıb. Sonra tamaşaçılar ölkəmizin idman nailiyyətləri, birinci Avropa Oyunlarına hazırlıq işlərinin gedişindən bəhs edən filmə baxıblar.

1600-dək tamaşaçının izlədiyi görüşdə yunan-Roma, sərbəst və qadın güləşi üzrə 10 çəki dərəcəsində yarışlar keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Azərbaycan komandası elə ilk dəqiqələrdən üstünlüyü ələ alıb. Azərbaycan komandası rəqibinə 9-1 hesabı ilə qalib gəlib.

Oyunlar başa çatdıqdan sonra Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşü münasibətilə ziyafət təşkil olunub. Ziyafətdə çıxış edən Fransa Güləş Federasiyasının prezidenti Alən Bertolon mərasimdə iştirakına və tədbirin təşkilinə verdiyi dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təşəkkür edib.

Azərbaycan Güləş Federasiyasının prezidenti Fazil Məmmədov isə ölkəmizdə güclü idman ənənələrinin olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük idman infrastrukturunun yaradıldığını, respublikamızın Olimpiya hərəkatında fəal iştirak etdiyini diqqətə çatdırıb. Fazil Məmmədov gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işlərinin görüldüyünü vurğulayıb.

Qalereya




Teqlər:  





Xəbər lenti