Elmin İnkişafı Fondu verəcəyi qrantları açıqladı

Elmin İnkişafı Fondu verəcəyi qrantları açıqladı
  02 Dekabr 2014    Oxunub:1918
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədilə 2013-cü ildə elan edilmiş əsas qrant müsabiqəsinin nəticələrini elan edib.

Müsabiqənin keçirilməsi haqqında elan 2013-cü il noyabrın 18-də verilib. Elmin İnkişafı Fondunun icraçı direksiyası qrant iddiaçılarına kömək məqsədilə bir sıra məsləhət seminarları təşkil edib, müraciətlərə cavab verib, ortaya çıxan suallara aydınlıq gətirib.

Qeyd olunan müddət ərzində müsabiqəyə 177 layihə daxil olub və Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirilib. 2014-cü il ərzində layihələrin texniki və elmi ekspertizası işi təşkil olunub. Müsabiqə qaydaları və tələblərinə cavab verməyən 11 layihə texniki ekspertiza mərhələsindən keçməyib, 166 layihə isə elmi ekspertiza mərhələsinə buraxılıb. Ekspertiza işinə Elmin İnkişafı Fondunun daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunub.

Hər bir layihə üzrə hazırlanan və statistik məlumatların da daxil olduğu yekun sənədlər toplusuna Fondun Himayədarlar Şurası tərəfindən baxılıb və yekun qərar qəbul edilib.

2013-cü ildə elan edilmiş əsas qrant müsabiqəsi çərçivəsində 2 pilot, 42 fundamental-tətbiqi xarakterli və 2 xüsusi layihə olmaqla cəmi 46 qalib layihə müəyyənləşdirilib və Elmin İnkişafı Fondunun 2014-cü il 1 dekabr tarixli qərarı ilə təsdiq olunub. Müsabiqə üzrə ümumi maliyyələşdirilmənin həcmi 4 500 000 manat (Fundamental-tətbiqi
xarakterli layihələr - 2 535 000 manat, xüsusi layihələr - 115 000
manat, pilot layihələr - 1 850 000 manat) olub.

Qalib layihələr AMEA təşkilatlarında (30), ali təhsil müəssisələrində və digər qurumlarda (16) yerinə yetiriləcək. 2 layihə Naxçıvanda, 1 layihə isə Gəncədə reallaşdırılacaq.
Böyük maliyyə həcmli bir pilot layihəsi üzrə Azərbaycan Respublikasının təbii sərvətləri əsasında yeni dərman vasitələrinin hazırlanması üçün əczaçılıq üzrə müasir elmi tədqiqat laboratoriyasının yaradılması Fond tərəfindən maliyyələşdiriləcək. Digər bir pilot layihə üzrə isə Azərbaycan ərazisində fundamental coğrafi tədqiqatların və Xəzər dənizi ekosisteminin kompleks monitorinqinin həyata keçirilməsinin maddi-texniki
bazasının gücləndirilməsi nəzərdə tutulur.

5 layihə beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetiriləcək. Onlardan biri elmi
- tədqiqat işlərinin kommersiyalaşdırılmasının səmərəliliyinin artırılması məqsədi ilə innovativ texnologiyaların işlənilməsi və tətbiqini nəzərdə tutur. Müsabiqə çərçivəsində
“Günəş və Günəş tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər” mövzusunda beynəlxalq konfrans təşkil edilərək keçiriləcək.

Müsabiqənin nəticələri barədə daha ətraflı BURADA tanış olmaq olar.


Teqlər:





Xəbər lenti