Günel Talıbova mütləq dünya rekordçusudur. Ötən yarışda dünyada heç kimin qaldıra bilmədiyi bir çəkini qaldırmağa iddialı idi və bunun da öhdəsindən məharətlə gələ bilib.
AzVision.az iddialı bu xanımın müsahibəsini oxuculara təqdim edir:
-Növbəti Çempionat harda keçiriləcək və sizin gözləntiləriniz nədir? Yarışla bağlı ön yarqınızı bilmək istərdik.
-2014-ci ilin noyabr ayının 10-16-ı tarixində Amerikanın Florida ştatında növbəti dünya çempionatı keçiriləcək. Mən digər yarışlarda olduğu kimi bu yarışa da çox ciddi şəkildə şəkildə hazırlaşmışam. Deyərdim ki, bu hazırlıq, həm də idmanın bu növü mənim gündəlik həyatımın vacib bir hissəsidir. Artıq bəlkə də həyat tərzimdir. Qeyd edim ki, 2012 və 2013-cü ildə də mütləq dünya çempionu adını mən qazanmışam. Bu il də bu adı, bu yeri qoruyub saxlamaq kimi yüksək bir iddiam var. Bununla belə öz çəki dərəcəmdə mütləq dünya rekordunu təzələmək iddiamı da həyata keçirəcəm.
-Yarışa necə hazırlaşırsınız. Burada həm fiziki, həm də psixoloji hazırlığı paralel aparırsınızmı?
-Qeyd etdiyim ki, çox ciddi şəkildə hazırlaşıram. Bir yandan da bir az çətinliyim yaşandı. Çünki 13 kq çəki atmaq məcburiyyətində idim. Amma psixoloji hazırlığa gələndə vurğulayım ki, bu mənim ən əsas silahımdır.
-Ümumiyyətlə, son dayanacaq nöqtəniz haradır ? O mənada ki, daha hansı yarışlarda iştirak edib qalib gəlmək fikriniz var ?
-Hələ ki, son barədə düşünmürəm. Çünki yeni rekordu təzələmək üçün yeni çəki dərəcəsinə keçirəm. Qeyd etdiyim iddiamı bu yeni çəki dərəcəsində edəcəm.
-Məşqçi kimi planlarınız varmı? Əgər hal-hazırda məşqçi kimi də fəaliyyət göstərirsinizsə kimlərlə işləyirsiniz?
-Məşqçi kimi fəaliyyət göstərmirəm, daha doğrusu yarışlara idmançılar hazırlamıram. Amma Moskvada fitnes klub şəbəkəsinin personal məşqçisiyəm. Burda hər yaşda idmana marağı olan xanımlar var. Amma ən yaşlı qadın 62 yaşındadı.
-Azərbaycanda fəaliyyət göstərmək fikriniz varmı?
-Təbii ki, hər kəs hara da getsə ən son öz vətəninə dönməlidir. Amma qeyd edim ki, Moskvaya çox alışmışam, həyat tərzim də artıq o şəhərə uyğunlaşıb. Bilirsiz bir az da insanların idmana olan marağı və sevgisi məni ora apardı. Orda keçirilən yarışdan sonra dəvət aldım və getdim. Narazı da deyiləm.
-Səhhətinizi necə stabil saxlayırsınız?
-Səhhətimi stabil, qaydasında saxlamaq üçün heç nə etmirəm. Bu mənim genetikamdan irəli gəlir. Yəni əgər genetikamda olmasaydı bu ağırlığı qaldıra bilməzdim. Və qeyd edim ki, mən heç xəstələnmirəm də. İdman məni hər zaman qoruyur.
AzVision.az