Voleybol üzrə Avropa Çempionatı Azərbaycanda
Belə ki, AVRO-2017-nin həlledici matçları Azərbaycan və Gürcüstanda keçiriləcək. Qərar Avropa Voleybol Konfederasiyasının Antalyada keçirilən konqresində qəbul edilib.
Yarışın böyük hissəsinə ölkəmiz sahiblik edəcək. Gürcüstanda cəmi 1 qrupun oyunları və 1/4 final matçları baş tutacaq. Digər 3 qrup - biri Quba, ikisi Bakıda olmaqla, Azərbaycanda mübarizə aparacaq. Çempionatın həlledici qarşılaşmaları – yarımfinal və final oyunları paytaxtımızda gerçəkləşəcək.
Konqresdə çıxış edən Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev Bakıda keçiriləcək final oyunları haqqında məlumat verərək bildirib ki, ən əsası Azərbaycan Respublikasının, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev namizədliyimizi dəstəkləyib: “Ölkə rəhbəri Azərbaycanda keçirilən bütün tədbirlərə diqqət və qayğı göstərir. Azərbaycan bu tədbirlərin yüksək səviyyədə keçirilməsinə həmişə hazırdı”.
Konqresdə səsvermə zamanı iştirakçılarının əksəriyyəti Azərbaycanın namizədliyini dəstəkləyib.
Qeyd edək ki, indiyədək ölkəmizdə komanda idman növlərində böyüklər arasında Avropa və dünya çempionatı keçirilməyib. 2017-ci ildə gerçəkləşəcək bu ilk Azərbaycan voleybolunun hesabına yazılacaq. 2020-ci ildə isə futbol üzrə qitə çempionatının matçları Bakıda təşkil olunacaq.
Yeri gəlmişkən, qadın voleybolçular arasında Olimpiya Təsnifat Turniri, Qran-Prinin mərhələ yarışda məhz federasiyanın səyi nəticəsində ölkəmizdə təşkil olunub. Həmçinin, “Top-komandalar”, CEV kubokunun və Çempionlar Liqasının “Dördlər finalı”na da ev sahibliyi etmişik.
Teqlər: