Güləşçilərimiz vətənə qayıtdı
Sərbəst güləş üzrə yığma komandanın böyük məşqçisi Firdovsi Umudov idmançılarımızın yarışlardakı çıxışını yüksək qiymətləndirib. F.Umudov Hacı Əliyevin gələcəkdə Olimpiya Oyunlarında da qızıl medal qazanmağa qadir olduğunu bildirib: "Xetaq Qazyumov da finala qədər yaxşı irəlilədi. Yekunda gümüş medalla kifayətlənməli oldu. Hacı Əliyev isə fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Bu, həqiqətən də möhtəşəm uğurdur. Bu qələbə münasibətilə başda ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev başda olmaqla, bütün xalqımıza həsr edirik. Məhz dövlətimizin diqqət və qayğısı nəticəsində idmançılarımız beynəlxalq yarışlarda yüksək nəticələr qazanırlar. Bu qələbədə Azərbaycan Güləş Federasiyasının prezidenti cənab Fazil Məmmədovun əməyi böyükdür, gələcəkdə də federasiya rəhbəriyinin etimadını doğrultmağa çalışacağıq".
Daha sonra media nümayəndələrinin suallarını cavablandıran Hacı Əliyev bunları deyib: "Əvvəlcə Avropa, daha sonra isə dünya çempionatının qalibi olduğuma görə, çox sevinirəm. Gələcəkdə Bakıda keçiriləcək 1-ci Avropa Oyunları, daha sonra isə Braziliyadkakı Olimpiya Oyunlarında da uğurlu çıxışımı davam etdirmək istəyirəm. Üzərimdə əməyi olan hər kəsə, bizə yaratdığı yüksək şəraitə görə Güləş Federasiyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm".
Dünya çempionatının gümüş mükafatçısı Xetaq Qazyumov deyib: "Hacı Əliyev kimi idmançı yetişdirən Azərbaycan xalqını təbrik edirəm. Özümə gəlincə, əlbəttə, qızıl medal qazana bilmədiyimə görə məyusam. Amma ikinci yer də pis nəticə deyil. Hardasa bəxtim də gətirmədi. Üzərimdə daha çox işləyib gələcək yarışlarda da uğurla çıxış etməyə çalışacam".
Qeyd edək ki, Hacı Əliyev 61 kq çəki dərəcəsində qızıl, Xetaq Qazyumov isə 97 kq-da gümüş medala sahib çıxıb.
Teqlər: