İsrail HƏMAS-la sazişi təsdiqləyib

   İsrail HƏMAS-la sazişi təsdiqləyib
  10 Oktyabr 2025    Oxunub:1391
İsrail ordusu Qəzza zolağına hava hücumlarını dayandırıb.
AzVision.az xəbər verir ki, Qətərin “Əl-Cəzirə” telekanalının məlumatına görə, İsrail hökuməti atəşkəs razılaşmasını təsdiqlədikdən sonra zərbələr dayandırılıb.

Daha əvvəl bildirilmişdi ki, Qəzza zolağında dolayı atəşkəs danışıqlarında HƏMAS vasitəçilərdən və ABŞ rəhbərliyindən İsraili anklavı atəşə tutmağı dayandırmağa məcbur etməsi tələbini qoyub.

İsrai-HƏMAS razılaşması | detallar
Oktyabrın 10-na keçən gecə baş nazir Binyamin Netanyahunun ofisi “İsrail hökumətinin həm sağ qalmış, həm də ölmüş bütün girovların azad edilməsinə dair razılaşmanı təsdiqlədiyini” açıqlayıb.

“Qəzzada hərbi əməliyyatların dayandırılmasını və girovların azad edilməsini nəzərdə tutan razılaşma səs çoxluğu ilə təsdiqlənib. Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvir və onun “Otsma Yehudit” partiyasından olan bütün nazirlər razılaşmanın əleyhinə səs veriblər. Eləcə də, biri istisna olmaqla, Maliyyə naziri Betsalel Smotriç və onun “Tsiont Datit” partiyasını təmsil edən nazirlər də sazişi dəstəkləməyiblər”, - İsrail mediası yazır.

ABŞ prezidentinin elçisi Stiven Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner girovların azad olunması planını təsdiqləmək üçün İsrail hökumətinin iclasında iştirak ediblər.

Razılaşma İsrail hökuməti tərəfindən təsdiqləndikdən 24 saat sonra qüvvəyə minəcək. Bundan əlavə, “sıfır saat”dan sonra 24 saat ərzində ÇAXAL Qəzza zolağının bir neçə rayonundan geri çəkilməlidir.

Bununla belə, Müdafiə naziri İsrael Kats İsrail qüvvələrinə hər hansı təhlükə və ya zərər olarsa, ÇAXAL-a Qəzza zolağında HƏMAS-a qətiyyətlə cavab verməyi tapşırıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   İsrail   HƏMAS   saziş  



Xəbər lenti