AFP: “Nobel mükafatçısı tapılmır”

         AFP:    “Nobel mükafatçısı tapılmır”
  07 Oktyabr 2025    Oxunub:947
Nobel Komitəsi 2025-ci il Fiziologiya və Tibb mükafatının üç laureatından biri, qadcetlərdən imtina edərək “sivilizasiyadan uzaqda ən yaxşı yaşayan” Fred Ramsdellə əlaqə saxlaya bilməyib.
AzVision.az xəbər verir ki, “Sonoma Biotherapeutics” laboratoriyasının həmtəsisçisi və Ramsdellin dostu Ceffri Blyustoun “AFP” agentliyinə belə deyib.

Fiziologiya və Tibb üzrə Nobel Mükafatı laureatları oktyabrın 6-da elan edilib. Ramsdell mükafatı Meri E. Brunkov və Şimon Sakaquçi ilə birgə alıb. Lakin hazırda ABŞ-də səyahətə çıxan amerikalı immunoloq elektron cihazlarından imtina çərçivəsində “rəqəmsal detoks” tətbiq etdiyi üçün Nobel Komitəsi Ramsdelllə əlaqə saxlaya və ona mükafat barədə məlumat verə bilməyib.

“Mən özüm də onunla əlaqə saxlamağa cəhd göstərdim. Düşünürəm ki, o, hazırda Aydaho səhrasında göz-qulaqdan uzaq bir yerdədir”, - Blyustoun agentliyə açıqlamasında bildirib.

Fiziologiya və tibb üzrə Nobel mükafatının qalibləri açıqlanıb
Nobel Komitəsi ABŞ-nin Qərb sahilində yaşayan və Stokholmdan doqquz saat geri qalan saat qurşağında olan Meri E.Brunkovla da əlaqə saxlamaqda çətinliklərlə üzləşib.

Xatırladaq ki, bu il sözgüdən nominasiya üzrə Nobel mükafatı periferik immun tolerantlıq sahəsində fundamental kəşflərə görə verilib. Laureatlar immun sisteminin əsas müdafiəçilərini – immun hüceyrələrin orqanizmin öz toxumalarına hücumunun qarşısını alan tənzimləyici T hüceyrələrini müəyyən ediblər.

Nobel Komitəsi oktybarın 7-də Fizika mükafatı, 8-də Kimya mükafatı, 9-da Ədəbiyyat mükafatı və 10-da Sülh mükafatının qaliblərini elan edəcək. Alfred Nobelin xatirəsinə həsr olunan İqtisadiyyat üzrə Nobel mükafatı oktyabrın 13-də veriləcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   NobelMükafatı   Ramsdell   əlaqə  



Xəbər lenti