"Tramp yolu"nun icrası üçün əməli işə başlanır

   "Tramp yolu"nun icrası üçün əməli işə başlanır
  03 Oktyabr 2025    Oxunub:1288
ABŞ-dən gömrük və sərhəd təhlükəsizliyi üzrə nümayəndə heyəti avqustun 8-də Vaşinqtonda açıqlanmış "Tramp yolu"nun icrası üzrə danışıqlar aparmaq məqsədilə Ermənistana səfərə gəlib.
Bu barədə ABŞ-nin Ermənistandakı səfirliyi "Facebook" hesabında məlumat yayıb. Bildirilib ki, amerikalı mütəxəssislər oktyabrın 11-dək Ermənistanın sərhəd qoşunlarının imkanlarını qiymətləndirəcək, təkmilləşdirməyə ehtiyac duyulan sahələri müəyyənləşdirib təhlilini aparacaq.

"İnanırıq ki, başqa ölkələrdə bu məqsədlə həyata keçirilmiş analoji metodologiya Ermənistanda da sərhəd təhlükəsizliyini gücləndirməyə, strateji investisiyaya açıq əraziləri dəqiqləşdirməyə imkan verəcək", - məlumatda vurğulanıb.

Səfirlik diqqətə çatdırıb ki, bu proses həmçinin Ermənistanın "Sülh qovşağı" layihəsinin icrası kontekstində tərəfdaşlığın yaradılması istiqamətində də ilk addımdır.
Vaşinqton: "Yeni ticarət yolları Cənubi Qafqazı canlandıracaq"

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri münaqişənin sülh yolu ilə həllinə, Bakı ilə İrəvan arasında nəqliyyat dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. İmzalama mərasimində Donald Tramp Zəngəzur dəhlizindən də danışaraq, ABŞ-nin Ermənistanla 99 illik müqavilə imzaladığını, bu müqavilənin daha 99 il uzadılacağını, dəhlizin "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" adlanacağını bildirib. Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 15-də ABŞ-nin "Fox News" telekanalına müsahibəsində, eləcə də sonrakı çıxışlarında söyləyib ki, imzalanmış saziş və bəyannamədə bütün tərəflər üçün, o cümlədən İran və Rusiya üçün nəzərəçarpan real faydalar var. Eyni zamanda, İran Prezidenti Məsud Pezeşkiyanın avqustun 19-da İrəvana səfəri əsnasında da bu məsələ qiymətləndirilib. O, bu layihələri müsbət qiymətləndirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Ermənistan   Azərbaycan   Tramp-yolu  



Xəbər lenti