WE: "ABŞ Venesuelanı tutmağa hazırdır"

      WE:    "ABŞ Venesuelanı tutmağa hazırdır"
  03 Oktyabr 2025    Oxunub:1122
"Puerto-Rikoda yerləşən ABŞ qoşunları Prezidenti Donald Trampın Venesuelaya qarşı "narkotik kartelləri ilə səmərəsiz mübarizə ittihamları" fonunda bu ölkənin ərazisini nəzarətə götürmək məqsədilə hərbi əməliyyata başlamağa hazırdır".
"The Washington Examiner" jurnalı hərbi analitiklərə istinadən yazır ki, toplanmış qoşunlar Venesueladakı əsas strateji hədəfləri, o cümlədən dəniz və hava limanlarını ələ keçirmək üçün kifayətdir.

Nəşrin məlumatına əsasən, ABŞ Müdafiə Nazirliyi ("Pentaqon") də potensial əməliyyata hazırlığını gizlətmir. Nazirliyin hələ avqustun axırında açıqladığı hesabatda vurğulanır ki, Venesuelanın şimalındakı Vircin adalarının sahillərində keçirilən təlimlərə "eniş əməliyyatı" və "hava limanının mühafizəsi" daxildir.

Venesuelanın xarici işlər naziri İvan Xil Pinto ötən günlərdə ABŞ hərbi təyyarələrinin bu ölkənin hava məkanına girməsinə öz kəskin etirazını bildirib. O belə hərəkətləri "milli suverenliyİ hədələyən, beynəlxalq hüququ pozan təxribat" adlandırıb. Prezident Nikolas Maduro isə Vaşinqtonun işğal təhlükəsinə qarşı çıxışlarında, belə bir vəziyyət baş verəcəyi təqdirdə, özünün şəxsən döyüşəcəyini vurğulayıb.

Xatırladaq ki, sentyabrın 2-də ABŞ qoşunlarının beynəlxalq sularda keçirdiyi əməliyyatda Venesuela fəaliyyət göstərən narkotik kartelinin 11 üzvü öldürülüb. Prezident Donald Tramp hadisə ilə əlaqədar açıqlamasında "işğaldan qətiyyən söhbət getmədiyini" diqqətə çatdırıb.

Məlumat üçün bildirək ki, Venesuela qanunsuz narkotik ticarəti ilə lazımınca mübarizə aparmır. Nikolas Maduronun da dediyi kimi, ölkə son 100 il ərzində ilk dəfə ABŞ tərəfindən ən ciddi işğal təhlükəsi ilə üz-üzədir.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Venesuela   işğal   təhlükə  



Xəbər lenti