Köçəryan Moskvadan pul dilənir

Köçəryan Moskvadan pul dilənir
  02 Oktyabr 2025    Oxunub:847
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda Moskvaya səfəri çərçivəsində Kremlin Ermənistan üzrə nümayəndəsi, Rusiya prezidenti administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko ilə görüşüb.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Hraparak” qəzetinin məlumatına görə, Köçəryan və Kiriyenko “Ermənistanın daxili siyasi problemləri, o cümlədən seçkilərlə bağlı məsələlər” barədə müzakirə aparıblar.

“Hraparak” bildirir ki, Köçəryan Kiriyenkoya seçkilərdə “uğur düsturunu” təqdim edib.

“Bu, müxalifəti birləşdirmək və hökumətlə mümkün qədər geniş cəbhədə mübarizə aparmaqdan ibarətdir ki, bu da maliyyə xərclərini nəzərdə tutur. Lakin Kiriyenko heç bir konkret öhdəlik götürməyib, üstəlik o, faktiki olaraq Ermənistanla bağlı kənara çəkildiklərini açıq şəkildə bəyan bildirib”, - nəşr yazır.

Qəzet “Ermənistan” müxalifət blokunun deputatı Aqnesa Xamoyandan Köçəryanın son günlər Moskvaya səfər edib-etmədiyini və Kiriyenko ilə görüşüb-görüşmədiyini öyrənməyə çalışsa da, parlamentari sabiq prezidentin səfərlərindən xəbərsiz olduğunu deyib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Köçəryan   Kiriyenko   maliyyə  



Xəbər lenti