Aİ-nin Ukrayna və Moldova üzrə yeni planı

Aİ-nin Ukrayna və Moldova üzrə yeni planı
  30 Sentyabr 2025    Oxunub:1027
Avropa İttifaqı (Aİ) Macarıstanın mövqeyindən yan keçərək, Ukrayna və Moldovanın birliyə üzvlüyünə dair texniki işlərə başlayıb.
AzVision.az xəbər verir ki, “Financial Times (FT)” nəşrinin məlumatına görə, Avropa Komissiyası (AK) Macarıstanın baş naziri Viktor Orbanın vetosundan yayınmaq üçün qaydalara dəyişiklik etmək təklifini irəli sürüb. AK “klasterlər” - ölkələrin Aİ standartlarına uyğunlaşdırmalı olduğu xüsusi mövzular toplusu - üzərində işləməyi təklif edib.

Aİ liderləri oktyabrın 1-də Kopenhagendə keçiriləcək görüşdə məsələni müzakirə edəcəklər, ertəsi gün isə onlara Ukrayna və Moldova daxil olmaqla, digər ölkələrin liderləri də qoşulacaq.

“Kiyev Budapeşti danışıqlara icazə verməyə inandırmağa ümidlidir. Çünki Ukraynanın Aİ-yə daxil olması ilə bağlı yekun qərar hələ də yekdillik tələb edir. Budapeşti “hörmət” əsasında mövqeyini “tənzimləməyə” inandırmağa ümidimizi saxlayırıq”, - qəzet Ukraynanın baş nazirinin müavini Taras Kaçkadan sitat gətirir.

Avqust ayında “Politico” nəşri xəbər vermişdi ki, Brüssel avropayönlü qüvvələri dəstəkləmək üçün parlament seçkilərinə qədər Moldovanın üzvlük prosesini onun üçün danışıqlar klasteri açmaqla sürətləndirmək imkanını müzakirə edir.

Macarıstanın baş naziri Viktor Orban, öz növbəsində, Ukraynanın Aİ-yə daxil olmasının Macarıstan iqtisadiyyatı üçün mənfi nəticələr verəcəyini və ölkənin resurslarının tükənməsinə səbəb olacağını iddia edib. Siyasətçi Ukraynanın Aİ-yə üzvlüyünü maliyyələşdirməyəcəyini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   Moldova  



Xəbər lenti