Bloomberg: “Merts vəziyyəti öz nəzarəti altına alır”

      Bloomberg:    “Merts vəziyyəti öz nəzarəti altına alır”
  30 Sentyabr 2025    Oxunub:1091
Almaniya kansleri Fridrix Merts Berlinin yenidən Avropada ən mühüm qərarları verməsini istəyir.
AzVision.az xəbər verir ki, müzakirələrə qatılmış mənbəyə istinad edən “Bloomberg” agentliyinin məlumatına görə, Almaniya kansleri bu barədə son görüşlərdə həmkarlarına deyib.

“Merts vəziyyəti nəzarət altına alır. Bu, onu son illərdə daha çox Brüssel yönümlü yanaşma ilə mövqeyini möhkəmləndirən Avropa Komissiyasının (AK) sədri Ursula von der Lyayen ilə toqquşma kursuna qoyur. Merts AK sədrini Avropa İttifaqı (Aİ) büdcəsi, ətraf mühit, müdafiə və ticarətlə bağlı açıq şəkildə tənqidə edərək hakimiyyəti öz əlinə almağa çalışır”, - mənbə iddia edir.

“Bloomberg” kanslerin AK sədrinə qarşı “səlib yürüşü” nün Aİ üçün ciddi nəticələr verəcəyini yazır. Fon der Lyayen yavaş-yavaş Aİ-ni federal gələcəyə doğru apardığı halda, Merts bu prosesi dayandırmaq, birliyin əsas siyasətlərinə yenidən baxmaq və milli hökumətlərin Brüssel bürokratiyası üzərində nəzarətini bərpa etmək istəyir.

Agentlik xatırladır ki, kansler vəzifəsinə gəldikdən bir neçə həftə sonra Fridrix Merts Ursula fon der Lyayeni “ictimai sınaqdan keçirməyə” başladı. Xüsusilə, iyul ayında AK sədrinin Aİ-nin növbəti uzunmüddətli büdcəsini 2 trilyon avroya çatdırmaqvə yeni vergilərin tətbiqi təklifinə diqqət yetirilib. Merts bu təklifi qətiyyətlə rədd edib.

- Almaniyaya gəlincə, mən bu yolla gedəcəyimizi istisna edə bilərəm”, - Almaniya kansleri vurğulayıb.

Maraqlıdır ki, elə iyul ayında o, ABŞ prezidenti Donald Trampla Aİ danışıqlarında tez-tez gecikmələrdən təəssüfləndiyini açıqladı: “Uzun və mürəkkəbdən daha sürətli və asan danışıqlar daha yaxşıdır”. Lakin Ursula Fon der Lyayen Trampla ABŞ-yə ixrac olunan Aİ mallarının əksəriyyətinə 15 faiz rüsumun tətbiqini nəzərdə tutan saziş imzaladıqdan sonra da Almaniya kansleri bundan narazılığını gizlətmədi.

“Almaniya iqtisadiyyatı bu tariflərdən ciddi ziyan görəcək”, - Merts dedi.

Ukrayna məsələsində də Almaniya kansleri ilə AK sədri arasında mövqe ixtilafı mövcuddur. Belə ki, avqustun sonunda fon der Lyayen atəşkəsdən sonra təhlükəsizlik zəmanətlərini təmin etmək üçün Ukraynaya qoşun yeritmək məsələsində Avropanın “çox dəqiq planı” olduğunu açıqladı.

- Təhlükəsizlik zəmanətləri böyük əhəmiyyət kəsb edir. Bizim aydın yol xəritəmiz var və biz Ağ Evdə razılığa gəldik. Bu iş çox yaxşı gedir. AK təhlükəsizlik zəmanəti kimi Ukrayna Silahlı qüvvələrinin davamlı maliyyələşdirilməsini təmin etmək üçün yeni maliyyə mənbələrini araşdıracaq”, - AK sədri bildirdi.

Onun bu bəyanatından sonra Fridrix Merts atəşkəs əldə olunmayana qədər alman qoşunlarının Ukraynaya göndərilməyəcəyini söylədi. Almaniya kansleri həmçinin hazırda Ukraynada xarici quru qoşunlarından “heç kim danışmadığına” diqqət çəkərək müharibənin “nəyin bahasına olursa olsun” yox, lakin tezliklə bitməsinə ümid etdiyini bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Merts   Lyayen   rəqabət  



Xəbər lenti