Nəhəng aviaşirkət kütləvi ixtisarlar edəcək

Nəhəng aviaşirkət kütləvi ixtisarlar edəcək
  29 Sentyabr 2025    Oxunub:1096
Almaniyanın “Lufthansa” aviaşirkəti 2030-cu ilə qədər inzibati funksiyaların yerinə yetirilməsi sahəsində 4000 işçini ixtisar etməyi planlaşdırır. Dəyişikliklər iş proseslərinin rəqəmsallaşması və avtomatlaşdırılması fonunda baş verəcək.
AzVision.az xəbər verir ki, “Lufthansa” şirkətinin rəhbərliyinə istinad edən “Deutsche Welle” nəşri belə məlumat yayıb.

“Eyni zamanda, “Lufthansa” əməliyyat mənfəəti hədəflərini 8 faizdən 10 faizə qaldıraraq düzəliş edib. Şirkət rəhbərliyinin fikrincə, bu il əməliyyat mənfəəti keçən ilki 1,6 milyard avro rəqəmini əhəmiyyətli dərəcədə ötməlidir”, - xəbərdə deyilir.

Təxminən 103 min işçisi olan “Lufthansa” Avropanın ən böyük hava yolu şirkətidir. Qrupa “Lufthansa” ilə yanaşı “Swiss Airlines”, “Austrian Airlines” və “Brussels Airlines” kimi aviaşirkətlər də daxildir. Qrup həmçinin İtaliyanın “Ita” aviaşirkətində minoritar səhmlərə malikdir.

Bu arada, sentyabrın 30-u “Vereinigung Cockpit (VC)” Həmkarlar ittifaqının üzvləri olan “Lufthansa” və “Lufthansa Cargo” şirkətlərinin pilotlarının növbəti tətilə başlamaq barədə qərar vermək niyyətində olduqları son tarixdir.

Pilotların əsas tələbi onların peşə pensiyalarının artırılmasıdır. Həmkarlar ittifaqı pilotların işəgötürənindən pensiya fonduna daha böyük məbləğdə pul köçürməsini tələb edir. Şirkət rəhbərliyi bunu “ödənilməsi mümkün olmayan” tələblər adlandırır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Lufthansa   ixtisarlar  



Xəbər lenti