Qəzzalılar Qərbə inanırlar

 Qəzzalılar Qərbə inanırlar
  23 Sentyabr 2025    Oxunub:756
Qəzza zolağının sakinləri ümid edirlər ki, Fələstinin bir sıra Qərb dövlətləri tərəfindən tanınması Fələstin-İsrail münaqişəsinə son qoymağa kömək edəcək.
AzVision.az xəbər verir ki, “The Globe and Mail” nəşrinin Qəzza anklavından hazırladığı reportajda belə deyilir.

“Qəzzadakı fələstinlilər Kanada, Böyük Britaniya, Avstraliya, Fransa və Portuqaliyanın Fələstin dövlətini tanıması xəbərini nikbinliklə qarşılayıb. Bu, onlara belə tarixi açıqlamaların HƏMAS və İsrail arasında müharibənin sona çatmasına kömək edəcəyinə ümid verib”, - qəzet yazır.

Nəşr bildirir ki, anklav sakinlərinin ümidləri əsasən Fələstinin mühüm siyasi və iqtisadi nüfuza malik Qərb dövlətləri tərəfindən tanınması ilə bağlıdır.

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayen, öz növbəsində, münaqişə bitdikdən sonra Avropanın Qəzzanın yenidən qurulmasında iştirak edəcəyini açıqlayıb. Onun sözlərinə görə, Fələstin üçün xüsusi donor qrupu yaradılacaq.

- Fələstin dövlətinin gələcəyi həm də iqtisadi cəhətdən əlverişli olmalıdır və biz avropalılar Qəzzanın bərpası üçün xüsusi alət yaradacağıq. Qəzza bərpa edilməlidir”, - AK-nın sədri “X” sosial şəbəkəsində yazıb.

Xatrıladaq ki, sentyabrın 21-də Avstraliya, Böyük Britaniya, Kanada və Portuqaliya Fələstini rəsmən tanıyıb. Sonradan onlara Fransa, Belçika, Andorra, Lüksemburq, Malta və San Marino da qoşulub.

Bu ölkələr öz bəyanatlarında “iki xalq üçün iki dövlət” prinsipinin həyata keçirilməsini israillilər və fələstinlilər üçün sülh və təhlükəsizliyə nail olmağın açarı kimi gördüklərini vurğulayıblar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qəzza   Qərb   inam  



Xəbər lenti