"Taliban" qadınların qələmini də əllərindən alır

   "Taliban" qadınların qələmini də əllərindən alır
  22 Sentyabr 2025    Oxunub:1280
Əfqanıstanın "Taliban" hökuməti qadın müəlliflərin yazdıqları kitabları ölkə universitetlərinin tədris proqramlarından çıxarıb.
Ölkənin Tədris Vəsaitlərinə Nəzarət Komitəsinin adı çəkilməyən nümayəndəsi "BBC" telakanalına açıqlamasında təsdiqləyib ki, hökumət qadın müəlliflərin bütün kitablarına, onların dərslərdə istifadəsinə qadağa qoyub. Nümayəndənin sözlərinə əsasən, "şəriət qanunlarına zidd sayılan" 18 fənnin, o cümlədən insan hüquqları, cinsi qısnama və bir sıra mövzunun tədrisi də yasaqlayıb.

Qadağa siyahısına salınmış şəriətə zidd məzmunlu 679 kitabdan təqribən 140-nın qadın müəlliflər tərəfindən qələmə alındığı aşkarlanıb. Onların əksəriyyəti "Kimya laboratoriyasında təhlükəsizlik qaydaları" və s. başlıqlı elmi tədris vəsaitləridir.

Əsərləri yasaqlanmış müəlliflər arasında "Taliban"ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən qabaq ədliyyə nazirinin müavini işləmiş siyasi elmlər professoru Zəkiyyə Adili də var. O, telekanala müsahibəsində "belə bir qərardan təəccüblənmədiyini" söyləyib.

"Taliban"ın son 4 il ərzində gördüyü işləri nəzərə alsaq, tədris proqramını dəyişməsi təəccüblü hal deyil. Onların misoginist siyasəti çərçivəsində qadınların təhsil hüququ ilə yanaşı baxışları, ideyaları və əsərləri də qadağa siyahısına düşür", - xanım professor deyib.

(Əfqanıstanın sabiq ədliyyə naziri müavini, siyasi elmlər professoru Zəkiyyə Adili)

Xatırladaq ki, 2021-ci ilin 15 avqustunda Əfqanıstanda yenidən iqtidara gələn radikal "Taliban" hərəkatı ölkədə müxtəlif sahələrdə məhdudiyyətlər, qadağalar irəli sürüb. Bu çərçivədə son həftə ali lider Heybətulla Axundzadənin əmrinə əsasən, 10 əyalətdə "əxlaqsızlığın qarşısını almaq" məqsədilə fiber-optik internet yasaqlanıb. Radikal təşkilatın qadağaları xüsusilə qadınların həyatına böyük təsir göstərir. Onlara 6-cı sinifdən yuxarı təhsil almaq, əyləncəli verilişlər aparmaq, gözəllik salonlarına getmək qadağandır. Keçən ay paytaxt Kabildə gözəllik salonlarının fəaliyyəti ümumiyyətlə dayandırılıb. Peşə təhsili sahəsində isə yeganə istiqamət sayılan mamalıq kursları 2024-cü ilin axırında bağlanıb. Bütün bu məhdudiyyətlərə baxmayaraq, "Taliban" hökuməti "milli mədəniyyət və islam qanunları çərçivəsində qadınların hüquqlarına hörmətlə yanaşdığını" bildirir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Əfqanıstan   qadınlar   kitab   qadağa  



Xəbər lenti