Nobel komitəsindən Trampa mesaj

   Nobel komitəsindən Trampa mesaj
  12 Sentyabr 2025    Oxunub:1268
Norveç Nobel Komitəsi Sülh Mükafatına namizədlərə baxarkən ictimai çağırışları nəzərə almır.
AzVision.az xəbər verir ki, Nobel Komitəsinin katibi Kristian Berq Harpviken mükafatın ABŞ prezidenti Donald Trampa təqdim olunması çağırışlarına şərh edərkən belə deyib.

“Nobel Komitəsi tamamilə müstəqil fəaliyyət göstərir və ayrı-ayrı namizədləri müzakirə edərkən bu mülahizələri nəzərə almağı özünə rəva bilmir”, - Harpviken “Frans Press (FP)” agentliyinin Trampa sülh mükafatının verilməsinin mümkünlüyü barədə sualına cavab verib.

Onun sözlərinə görə, Nobel Komitəsi medianın müəyyən namizədlərə diqqətini artırdığın qeydə alıb.

- Amma bu, komitədə gedən müzakirələrə heç bir təsir göstərmir. Komitə hər bir şəxsin namizədliyini onun xidmətləri əsasında nəzərdən keçirir”, - Nobel Komitəsinin katibi vurğulayıb.

“FP” agentliyinin məlumatına görə, 2025-ci ildə Nobel Komitəsi sülh mükafatı laureatını 338 namizəd - həm fiziki şəxslər, həm də təşkilatlar arasından seçməli olacaq. Bütün müraciətlər bu il yanvarın 31-dək təqdim edilib. Laureatın adının açıqlanması oktyabrın 10-na planlaşdırılıb.

Bundan əvvəl Ağ Evdəki mənbəyə istinad edən “NBC” telekanalı xəbər vermişdi ki, Tramp müsbət nəticənin olacağına şübhə ilə yanşasa da, Nobel Sülh Mükafatını almağa maraq göstərdiyini bildirib.

Norveç mətbuatı, öz növbəsində, ABŞ prezidentinin bu məsələ ilə bağlı Norveçin Maliyyə nazirinə, NATO-nun keçmiş baş katibi Yens Stoltenberqə müraciət etdiyini açıqlamışdı. Ağ Ev Trampla Stoltenberq arasında telefon danışığı faktını təsdiqləsə də, onun məzmununu açıqlamaqdan imtina edib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Tramp   Nobel   Sülh  



Xəbər lenti