Uitaker: “Vaşinqtonun təsir imkanları azdır”

      Uitaker:    “Vaşinqtonun təsir imkanları azdır”
  02 Sentyabr 2025    Oxunub:1192
ABŞ Ukraynada hərbi əməliyyatların tez bir zamanda dayandırılmasını istəyir, lakin Vaşinqtonun tərəfləri müharibəni dayandırmağa məcbur etmək üçün təsirli imkanları yoxdur.
AzVision.az xəbər verir ki, ABŞ-nin Şimali Atlantika Alyansındakı daimi nümayəndəsi Mettyu Uitaker belə deyib.

“Mən hesab edirəm ki, Birləşmiş Ştatlar bu müharibənin bitməsini istədiklərini açıq şəkildə bildirib. Biz döyüşün dayandırılmasını istəyirik. Ancaq ABŞ-nin gəlib döyüşləri dayandırmaq əmri verə biləcəyini düşünmək çox sadəlövhlükdür”, - Uitaker Sloveniyada keçirilən Bled forumunda söyləyib.

Daimi nümayəndə qeyd edib ki, Ukraynada hərbi əməliyyatları dərhal dayandırmağa qadir ABŞ-də mexanizmlər yoxdur. Buna baxmayaraq, Vaşinqton Ukraynada davamlı sülhə nail olmaq üçün səylərini davam etdirmək niyyətindədir.

Uitaker Ukraynaya görə məsuliyyəti Avropanın daima ABŞ-nin üzərinə atmağa çalışmasından şikayətlənib. Halbuki, Avropa ölkələrinin özləri Rusiyaya məxsus 200 milyard avro dəyərində dondurulmuş aktivlərə həbs qoymaq niyyətində deyillər.

- Bu yalnız nümunədir. Hər dəfə bu cür tədbirlərdən danışanda belə cavab alıram: “Düz deyirsiniz, amma biz bunu etməyəcəyik”. Siz öz üzərinizə böyük bir risk götürərək bunu edə bilərsiniz. Amma nədənsə hamı ABŞ-nin böyük risklərə getməsini gözləyir”, - Amerikanın NATO-dakı daimi nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, sülh sövdələşməsinin yollarını tapmaq lazımdır. Uitaker ABŞ-dən vəziyyəti təkbaşına həll etmək tələbinin ədalətsiz olduğuna diqqət çəkib. Amerikalı nümayəndə, həmçinin Avropanı hər iki tərəfə daha çox təzyiq göstərməyə və Vaşinqtondan birtərəfli tədbirlər gözləməməyə çağırıb.

Qeyd edək ki, Mettyu Uitaker Rusiya-Ukrayna münaqişəsinin dayandırılması məsələsində indiyədək sərt anti-Moskva mövqeyi tutan fiqurlardan biridir. Onun bu münaqişənin dayandırılması ilə bağlı Vaşinqtonun kifayət qədər təsirli imkanlara malik olmaması və bu müstəvidə ABŞ-Avropa münasibətlərində yaranmış fikir ixtilafı barədə bəyanatı bir çox pərdəarxası məqamlardan xəbər verə bilər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Uitaker   Vaşinqton   təsir  



Xəbər lenti