Sağlamlıq turizminin inkişafı ilə bağlı işçi qrupu yaradılıb

Sağlamlıq turizminin inkişafı ilə bağlı işçi qrupu yaradılıb
  18 Dekabr 2024    Oxunub:283
Azərbaycan Dövlət Turizm Agentliyi (DTA) sağlamlıq turizminin inkişafını sürətləndirmək məqsədilə dövlət və özəl sektor nümayəndələrinin, həmçinin ictimai birliklərin iştirakı ilə xüsusi işçi qrupu yaradıb.
Bu barədə agentliyin sədri Fuad Nağıyev deyib. Onun sözlərinə görə, işçi qrupunun əsas məqsədi sağlamlıq turizmi sektorunda mövcud problemləri müəyyənləşdirmək, onların həlli yollarını təklif etmək və qarşılıqlı fəaliyyətin effektivliyini artırmaqdır.

"İşçi qrupunun fəaliyyətində Səhiyyə Nazirliyi, TƏBİB və digər aidiyyəti qurumların nümayəndələri də iştirak edəcək. Qrup sağlamlıq və tibbi turizm sahələrində idarəetmə, infrastrukturun təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və beynəlxalq təcrübənin tətbiqi kimi məsələlər üzərində iş aparacaq. Azərbaycanın sağlamlıq turizmi potensialı genişdir və bu imkanlardan səmərəli istifadə üçün əlaqəli yanaşma tələb olunur. İşçi qrupunun yaradılması bu sahədə strateji inkişafın təmin edilməsinə yönəlmiş əhəmiyyətli bir addımdır”.

F. Nağıyev vurğulayıb ki, Azərbaycanın Naftalan, Naxçıvan, Kəlbəcər və Laçın bölgələri müalicəvi resursları ilə beynəlxalq bazarda tanınmaq üçün böyük potensiala malikdir: "İşçi qrupunun fəaliyyəti çərçivəsində müntəzəm olaraq sektorun inkişafı ilə bağlı təkliflərin hazırlanması və tətbiqi nəzərdə tutulur".

AzVision.az



Teqlər:





Xəbər lenti