Ombudsman: Azərbaycan ikili standartlardan əziyyət çəkir

      Ombudsman:    Azərbaycan ikili standartlardan əziyyət çəkir
  10 Dekabr 2024    Oxunub:660
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının təşkilatçılığı və Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarının (BMT QAK) maliyyə dəstəyi ilə 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir təşkil edilib.
AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən Ombudsman bu il Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin qəbul olunmasının 76-cı ildönümünün qeyd edildiyini, bu sənədin dövlətlərin insan hüquqlarının müdafiəsi məsələsinə münasibətinin müsbət mənada dəyişməsinə səbəb olduğunu bildirib.

Müvəkkil hazırda dünya ictimaiyyətinin insan hüquqlarının kütləvi pozulması hallarına biganə qaldığını, dünyanın müxtəlif bölgələrində müstəmləkəçilik problemi ilə üzləşmiş bir sıra dövlətlərin hələ də öz azadlıqları və ədalətin bərpa olunması uğrunda mübarizə aparmaqda davam etdiyini söyləyib.

Azərbaycanın da ikili standartlardan əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd edən S.Əliyeva Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanıldığını, həmin ərazilərdə şəhər və kəndlərin, tarixi, mədəni abidələrin dağıdıldığını, bir çox flora və fauna növlərinin məhv edildiyini, torpaqlarımızın minalarla çirkləndirildiyini diqqətə çatdırıb.

Ombudsman cari ildə insan hüquqlarının, xüsusilə də sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib. Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etdiyini bildirən Müvəkkil bu çərçivədə Ombudsman Aparatı tərəfindən Ombudsmanların Beynəlxalq Bakı Forumunun, eləcə də “İnsan hüquqlarına əsaslanan iqlim ədaləti: Milli insan hüquqları institutlarının rolu” mövzusunda interaktiv müzakirənin keçirildiyini söyləyib.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “İqlim dəyişikliyi və insan hüquqları” mövzusunda elan olunmuş jurnalist yazı və uşaq rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.

AzVision.az



Teqlər:





Xəbər lenti