Mövzu ilə bağlı AzVision.az -a danışan hərbi ekspert Üzeyir Cəfərovun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, istənilən an tərəflər arasında müəyyən gərginlik yaşana bilər.
O bildirib ki, Ermənistan rəhbərliyində, ictimai siyasi cəmiyyətində olan şəxslər Azərbaycana qarşı həmişə hədyanlar səsləndiriblər:
"Nikol Paşinyan bəyan etdi ki, bizim Azərbaycanla müharibə etmək üçün gücümüz və həvəsimiz yoxdur. Bu gün doğrudan da Ermənistanın Azərbaycanla müharibə edəcək potensialı yoxdur. Bununla yanaşı, Ermənistan öz ordusunu dirçəltmək, müasirləşdirmək üçün addımlar atır. Biz də bunu izləyirik. Bununla bağlı açıq və ya gizli mənbələrdən xəbərlər alırıq. Bu yaxınlarda Ermənistan müdafiə naziri Suren Papikyan Amerikaya ikinci səfərini etdi. Bütün bunlar Ermənistanla Amerika arasında strateji əməkdaşlığın güclənməsi fonunda baş verir. ABŞ dövlət katibinin Avropa və Asiya üzrə xüsusi nümayəndəsi Ceyms O’Brayn İrəvanda olanda Ermənistana bəzi təkliflər etmişdi. Artıq Ermənistan tərəfi daha çox Qərbin çətiri altına keçib".
Ekspert onu da qeyd edib ki, ermənilərin sığınacaq tikməsi məsələsi o qədər də önəmli deyil.
Ermənistan bölgədə yeni müharibə riskini artırır |
Ermənistandan Cənubi Qafqazda istifadə etmək üçün hələ çox yararlanacaqlar. İrəvan artıq öz müttəfiqlərini seçir. Əvvəl daha çox güvəndiyi Rusiya idi. İndi Rusiya ilə faktiki olaraq yollarını ayırıb. Ermənistan öz mövqeyini müəyyənləşdirib. Amerika, Fransa, Yunanıstan, Cənubi Koreya və digərləri ilə texniki əməkdaşlıq əlaqələri yaradırlar. Bu istiqamətdə də işlərini görürlər.
Bakı da lazım olan işləri görür. Azərbaycanda 2025-ci il üçün müdafiə və təhlükəsizlik sektoruna iki milyard manata yaxın əlavə vəsait nəzərdə tutulub. Bu da müdafiəmizi və təhlükəsizliyimizi gücləndirmək ilə bağlı olan məsələlərdir. Ermənistan öz işində, biz də öz işimizdə. Amma yaxşı olardı ki, Ermənistan Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərar olması üçün praktiki addımlar atsın. Ermənistanın Azərbaycana qarşı hər hansı bir müharibə və yaxud revanşist hərəkətləri yaxın bir neçə il üçün mümkünsüzdür.
Amma qarşıdakı illərdə əgər sülh müqaviləsi imzalanmasa, sözsüz ki, lokal xarakterli gərginlik yaşanacaq. Bu, Ermənistanın xislətinə uyğundur. İrəvan da çox məsələləri artıq dərk edib. Bilir ki, ona söz verib aldadanlar bu gün onun yanında deyillər".
Həmidə İbrahimova
AzVision.az