COP29-da “Yaşıl gələcək naminə insan kapitalının inkişaf etdirilməsi” adlı panel sessiyası keçirilib

   COP29-da “Yaşıl gələcək naminə insan kapitalının inkişaf etdirilməsi” adlı panel sessiyası keçirilib
  18 Noyabr 2024    Oxunub:606
Bakıda keçirilməkdə olan COP29 beynəlxalq iqlim konfransı çərçivəsində COP29 Mavi Zona ilə yanaşı COP29 Sədrliyi tərəfindən təşkil və idarə olunan müxtəlif iştirakçıların öz baxışlarını bölüşə bildiyi dinamik platforma Yaşıl Zonada da silsilə tədbirlər davam edir. Noyabrın 18-də Yaşıl Zonada COP29 Azərbaycan Əməliyyat Şirkəti və COP29-un Sinerji tərəfdaşı “NEQSOL Holding” tərəfindən birgə panel sessiyası keçirilib.
AzVision.az xəbər verir ki, “Yaşıl gələcək naminə insan kapitalının inkişaf etdirilməsi” mövzusunda keçirilən panel müzakirəsində dayanıqlı, aşağı karbonlu gələcəyin qurulmasında insan kapitalının, xüsusilə də uşaqların və gənclərin rolu müzakirə olunub. KPMG-nin Qlobal Dekarbonizasiya Mərkəzinin meneceri Avri Constonun moderatorluğu ilə baş tutan panel müzakirəsində Finlandiyanın 11-ci prezidenti (2000-2012) Tarja Kaarina Halonen, İnkişaf və Diplomatiya İnstitutunun (İDİ) direktoru, ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə iqlim dəyişmələri ilə bağlı regional məsləhətçisi Maria Osbek və “NEQSOL Holding Azərbaycan”ın rəhbəri İmran Əhmədzadə iştirak ediblər.



Çıxış edən panel iştirakçıları bildiriblər ki, iqlim dəyişikliyi ilə indiyə qədər qeydə alınmamış çətinliklər və problemlər meydana çıxdığı üçün innovativ həllərin irəli sürülməsi və dayanıqlı iqtisadiyyatların dəstəklənməsi naminə gələcək nəslin lazımi bilik və bacarıqlara, ekoloji düşüncə tərzinə yiyələnməsi vacibdir. Qeyd olunub ki, təhsilə və potensialın yaradılmasına diqqət yetirməklə gəncləri dayanıqlı gələcəyə töhfə vermək və yaşıl inkişafa keçid prosesində liderliyə hazırlamaq mümkündür.



Panelistlər yaşıl bacarıqların təşviqi, yaşıl iqtisadiyyatların yaradılması və dayanıqlı, inklüziv insan kapitalının artırılması üçün hökumətlər, təşkilatlar və özəl sektor arasında əməkdaşlığı təşviq etmək strategiyalarını müzakirə ediblər.

“NEQSOL Holding” ilə birgə COP29 Azərbaycan Əməliyyat Şirkətinin təşkil etdiyi bu tədbirlə yanaşı, COP29 Yaşıl Zonada gün ərzində digər yerli, xarici şirkət və qurumların təşkilatçılığı ilə də müxtəlif tədbirlər baş tutub. Bu tədbirlərdə ali təhsil müəssisələrində dayanıqlılığın təşviqi strategiyaları, iqlim dəyişmələrinin insan kapitalına təsiri, ekoloji cəhətdən dayanıqlı iş yerlərinin yaradılması, iqlim problemlərinin həlli üzrə maliyyə institutları və real sektor şirkətləri arasında təcrübə mübadiləsi, iqlim dəyişmələrinin psixi və fiziki sağlamlığa təsirləri kimi mövzular ətrafında fikir mübadilələri aparılıb.

AzVision.az






Teqlər:





Xəbər lenti