COP29 I ASAN könüllülərinin reallaşdırdığı ekoloji layihə başa çatıb

   COP29 I    ASAN könüllülərinin reallaşdırdığı ekoloji layihə başa çatıb
  18 Noyabr 2024    Oxunub:577
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "ASAN Könüllüləri" Təşkilatının “Könüllülərin ekoloji düşərgəsi” layihəsi keçirilib.
Sosial təşəbbüs Özbəkistan Könüllülər Assosiasiyasının birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşdırılıb. Bağlanış mərasimi COP29 ərazisinin Yaşıl Zonasında olub.

Tədbir çərçivəsində həyata keçirilən panel sessiyada iqlim dəyişikliyinin cəmiyyətimizə təsiri və həll yolları haqqında danışıqlar aparılıb.

Sessiyada Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin şöbə müdiri Nazilə Hüseynova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova, Özbəkistan Könüllü Assosiasiyasının direktoru Şirin Abidova və qurumun İdarə Heyətinin üzvü Laziz Nigmanov çıxış ediblər. Layihənin hesabat videoçarxı izlənilib və iştirakçılar təəssüratlarını bölüşüblər.

Ümumilikdə 30-dan çox Azərbaycan və Özbəkistan könüllüsünü əhatə edən layihənin məqsədi gənclərin diqqətini iqlim dəyişikliyinin təsirinə və həllinə cəlb etmək, bilik və bacarıqlarının gücləndirilməsinə təşviq etmək olub. Eləcə də könüllülük sahəsi üzrə ölkələrarası əməkdaşlığı daha da inkişaf etdirmək, ətraf mühitin qorunması istiqamətində atılan addımlarda gənclərin iştirakçılığını artırmaq əsas hədəflər idi.

Layihə çərçivəsində iştirakçılar iqlim dəyişikliyi ilə mübarizə istiqamətində müxtəlif ekoloji həll yolları hazırlayıb və peşəkarlar tərəfindən keçiriləcək təlimlərdə iştirak ediblər. Müzakirə panelləri, ekoloji aksiyalar və ideya yarışmaları ilə zənginləşdirilmiş proqram iki ölkənin mədəni irsini əks etdirən tədbirlərlə davam edib.

Düşərgənin ilk iki günü “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” Lənkəran şəhərində keçirilib. ASAN könüllülləri ictimaiyyətin diqqətini ekoloji tarazlığın bərpasına, yaşıllıqların qorunmasına və ətraf mühitin qorunmasına yönəltmək məqsədilə müxtəlif tədbirlər icra edirlər. Bu məqsədlə “Yaşıl ASAN” ekoloji proqramı vasitəsilə bu günədək 400 layihə, 100-dən çox ağacəkmə və təmizlik aksiyası həyata keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti