COP29 I ASAN könüllüləri COP29 çərçivəsində ekoloji layihə reallaşdırırlar

    COP29 I   ASAN könüllüləri COP29 çərçivəsində ekoloji layihə reallaşdırırlar
  16 Noyabr 2024    Oxunub:247
16 noyabr 2024-cü il tarixində Lənkəranda “Könüllülərin ekoloji düşərgəsi” layihəsinin açılış mərasimi baş tutub.
AzVision.az xəbər verir ki, layihə “ASAN Könüllüləri” Təşkilatının, Özbəkistan Könüllülər Assosiasiyasının birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə reallaşdırılır.

30-dan çox Azərbaycan və Özbəkistan könüllüsünü əhatə edən sosial təşəbbüs ölkəmizdə keçirilən “Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində reallaşdırılır.

Məqsəd gənclərin diqqətini iqlim dəyişikliyinin təsirinə və həllinə cəlb etmək, bilik və bacarıqların gücləndirilməsinə təşviq etməkdir. Eləcə də könüllülük sahəsi üzrə ölkələrarası əməkdaşlığı daha da inkişaf etdirmək, ətraf mühitin qorunması istiqamətində atılan addımlarda gənclərin iştirakçılığını artırmaq əsas hədəflərdir.

Layihə çərçivəsində iştirakçılar iqlim dəyişikliyi ilə mübarizə istiqamətində müxtəlif ekoloji həll yolları hazırlayacaq və peşəkarlar tərəfindən keçiriləcək təlimlərdə iştirak edəcəklər. Müzakirə panelləri, ekoloji aksiyalar və ideya yarışmaları ilə zənginləşdirilmiş proqram iki ölkənin mədəni irsini əks etdirən tədbirlərlə davam edəcəkdir.

Düşərgənin ilk 2 günü “Türk dünyasının gənclər paytaxtı”Lənkəran şəhərində, sonuncu günü isə COP29 ərazisində,Yaşıl Zonada baş tutacaq.

Xatırladaq ki, ASAN könüllülləri ictimaiyyətin diqqətini ekoloji tarazlığın bərpasına, yaşıllıqların qorunmasına və ətraf mühitin qorunmasına yönəltmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu məqsədlə
”Yaşıl ASAN” ekoloji proqramı vasitəsilə bu günədək 400 layihə, 100-dən çox ağacəkmə və təmizlik aksiyası həyata keçirilib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti