Saymon Stil nikbindir və COP29-un uğuruna əmindir

 Saymon Stil nikbindir və COP29-un uğuruna əmindir
  12 Noyabr 2024    Oxunub:414
Noyabrın 12-də Azərbaycan paytaxtında keçirilən COP29 iqlim sammiti çərçivəsində “Qarabağ” konfrans zalında qlobal iqlim siyasəti sahəsində cari proseslərin ilkin nəticələrinin yekununa dair mətbuat konfransı keçirilib.
Tədbirdə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev, BMT-nin COP29-da iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil, UNFCCC Kommunikasiyalar şöbəsinin rəhbəri Aleksandr Sayer, Paris Sazişinin 6-cı maddəsinin 4-cü bəndinə əsasən yaradılmış mexanizmə Nəzarət orqanının nümayəndəsi Maria Al-Cişi və onun müavini Martin Hession iştirak ediblər. İştirakçıların hər biri qısa açılış nitqi ilə çıxış edib, daha sonra auditoriyanın suallarını cavablandırıblar.

İqlim məqsədlərinə nail olmaq kontekstində hazırkı COP-dan gözləntilər barədə danışan Saymon Stil qeyd edib ki, o, çox nikbindir və bu həftə başlayan sammitin səmərəli və nəticələrinin uzunmüddətli olacağına şübhə etmir. “Əvvəllər demişdik ki, iqlim fəaliyyəti əsasən gələcək nəsilləri xilas etməyə yönəlib. Lakin qlobal iqlim böhranında kardinal dəyişiklik baş verib. Çünki indiki dövrdə iqlim böhranı sürətlə iqtisadi qatilə çevrilir”.

Onun sözlərinə görə, bütün ölkələr iqlim dəyişikliyi ilə mübarizə üçün daha cəsarətli tədbirlər görməyincə, iqlim dəyişikliyinin artan təsirləri inflyasiyanın kəskin yüksəlməsinə səbəb olacaq: "Milyardlarla insan sadəcə olaraq qlobal iqlim maliyyəsi hədəfi ilə razılaşmadan hökumətlərinin COP29-dan çıxmasına icazə verə bilməz. Beləliklə, burada və paytaxtlardakı liderlərə mesajım: iddialı nəticələr gözlədiyinizi açıqlayın. Danışıqçılarınıza göstəriş verin: Niyyət nümayiş etdirməyi dayandırın - birbaşa ümumi dil tapmağa çalışın".

COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai isə bildirib ki, dünyada iqlim dəyişikliyi baş verir, bütün cəmiyyət bu məsələlərə ciddi yanaşmalıdır: "Əlimizdən gələni edirik ki, qeyri-dövlət təşkilatları, özəl və xeyriyyə qurumları buraya cəlb olunsun. Özəl sektor üçün bir sıra tədbirlər nəzərdə tutulub. İnanırıq ki, biz burada irəli sürülən təşəbbüsləri reallığa çevirə biləcəyik".

Xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev isə bildirib ki, COP29-un ilk günü uğurla başa çatıb: "Bu gün açılışı olacaq İqlim Sammitində dünya liderləri iqlim böhranı ilə bağlı öz fikirlərini bildirəcək, müzakirələr aparacaqlar. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında iqlim maliyyələşməsinin gücləndirilməsi üçün təkliflər ortaya qoyulacaq. Burada hamımızın gücü lazımdır. Hər kəs bizim qlobal səylərimizə töhfə vermək üçün çalışmalıdır".

AzVision.az



Teqlər: COP29  





Xəbər lenti