BRİCS-in gələcəyi: Növbəti "kərpic" biz olmalıyıqmı? | ŞƏRH

      BRİCS-in gələcəyi:    Növbəti "kərpic" biz olmalıyıqmı?    | ŞƏRH
  27 Oktyabr 2024    Oxunub:1063
BRİCS Qərb ölkələri üçün həqiqətən böyük əks qütbə və ciddi rəqibə çevrilə bilər. Bəlkə də artıq çevrilib. Hazırda bu təşkilat dünya iqtisadiyyatında və siyasətində kifayət qədər gücü, nüfuzu və rolu olan ölkələri əhatə edir. Rusiya, Çin, Hindistan, Braziliya ayrı-ayrılıqda böyük potensiala malik olmaqla yanaşı, ildən-ilə güclərini artırırlar. Üstəgəl, hamısı ABŞ-ın siyasətindən narazı və incikdirlər. Onları eyni çətirin altına yığan səbəblərdən biri də məhz budur.
BRİCS-ə qoşulmaq istəyən ölkələrin sayı getdikcə artmaqdadır. Odur ki, tezliklə daha nüfuzlu quruma çevrilmək ehtimalı böyükdür. BRİCS ölkələri sürətlə inkişaf edirlər. Keçən il BRİCS ölkələrinin ümumi daxili məhsulunun (ÜDM) həcmi qlobal ÜDM-in 35,7%-ni təşkil edirdi. 15 ildə qurumun qlobal iqtisadiyyatda payı 10,2% artıb. G7 ölkələrinin isə qlobal iqtisadiyyatdakı payı bu müddətdə 9,7% azalaraq 29%-ə düşüb. BRICS ölkələrinin dünya ÜDM istehsalındakı payı çoxdan “Böyük yeddiliy”in göstəricisini üstələyir və artmaqda davam edir.

Bu vəziyyət təbii ki, Qərbi narahat etməyə bilməz. Daim istismarçı, ikiüzlü, xaos məqsədli siyasət yürüdən Qərb çox güman, BRİCS-in budaqlarını baltalamaq məqsədilə Hindistan-Pakistan konflikti kimi problemlər ortaya çıxartmaq istəyilə gecə-gündüz çalışırlar.

Yeri gəlmişkən, 2011-ci ilədək təşkilat BRIC adlanırdı. Cənubi Afrika Respublikasının qrupa birləşməsilə 18 fevral 2011-ci ildən BRICS abbreviaturası ortaya çıxdı.

Ölkəmizin də BRİCS-ə qoşulmaq istəyi təbii qarşılanmalıdır. Birincisi, biz təbii resurslarla zəngin ölkəyik. İkincisi, sürətlə inkişaf edən ölkə sayılırıq. Üçüncüsü, regionda zəngin infrastruktura sahibik. Söhbət hər növ enerji resurslarını daşıya biləcək müxtəlif tranzit xəttlərinə sahib olmaqdan gedir. Bu baxımdan, əslində BRİCS ölkələri özləri də onlara qoşulmağımızda maraqlıdırlar.

BRİCS-ə qoşulmaq bizə çox şey verə bilər. Çünki bu ölkələr sürətlə inkişaf edirlər. Təkcə Rusiya, Hindistan, Çin ilə geniş iqtisadi və ticari əlaqələrin, daşımaların bizə nə kimi xeyir gətirdiyini və gətirəcəyini proqnozlaşdırmaq çətin deyil. Şərq-Qərb, Şimal-Cənub dəhlizləri Azərbaycana böyük iqtisadi faydalar vəd edir. BRİCS-ə üzvlüyün üstünlüklərdən biri həm də ondan ibarət olacaq ki, dəhlizlərdən daha geniş istifadə üçün yeni yollar açılacaq.

O ki qaldı BRİCS-in vahid valyuta məsələsinə, bu cür perespektivlər haqda danışmaq isə hələ tezdir. Gələcəkdə təşkilatın pul köçürmələri üçün SWIFT-ə bənzər bir sistem yaradılacağı, öz valyutasını dövriyyəyə buraxacağı əlbəttə mümkündür və real görünür. Lakin bunun üçün müəyyən vaxt lazımdır.

BRİCS-in tərkibindəki ölkələrin ortaq maraqları getdikcə möhkəmlənməlidir. Qlobal iqtisadiyyatda müəyyən balans təşəkkül tapmalı, çoxqüblü tarazlı inkişaf əldə olunmalıdır ki, SWIFT və vahid valyuta kimi amillərdən də danışmağa dəysin.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: BRİCS  





Xəbər lenti