Berlin İlon Maskı seçkilərə müdaxilədə günahlandırıb

Berlin İlon Maskı seçkilərə müdaxilədə günahlandırıb
  31 Dekabr 2024    Oxunub:979
Almaniya hökuməti amerikalı sahibkar, milyarder İlon Maskı ölkədəki seçki kampaniyasına müdaxilə cəhdində və ifrat sağçı AfD partiyasını dəstəkləməkdə ittiham edib.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “The Guardian” qəzeti belə məlumat yayıb.

“İlon Muskın federal seçkilərə təsir göstərməyə çalışdığı həqiqətdir. Mask söz azadlığı hüququna malikdir, amma fikir azadlığı ən böyük axmaqlıqlara da şamil olunur”, - Almaniya hökumətinin mətbuat katibi Kristian Hoffmann deyib.

Nəşr xatırladır ki, tez-tez Almaniya siyasəti ilə bağlı fikirlərini bölüşən İlon Mask hətta “X” şəbəkəsində bu ölkənin kansleri Olaf Şolzu “axmaq” da adlandırıb.

Lakin hiddətə və seçki proseslərinə müdaxilə ittihamlarına səbəb olan bu ifadə yox, milyarderin alman seçicilərini açıq şəkildə “Almaniya üçün Alternativ” (AfD) partiyasını dəstəkləməyə çağırması olub. Onun iddiasına görə, ölkəni yalnız AfD xilas edə bilər. Halbuki, ölkənin federal orqanları bu partiyanı ekstremizmdə şübhəli bilinən təşkilat kimi təsnif edir.

Almaniyalı jurnalist İlon Maskın rəyinə görə işdən çıxıb
Xatırladaq ki, iki gün əvvəl amerikalı milyarderin “Welt am Sonntag” qəzetində dərc edilən məqaləsində Almaniyanın iqtisadi və mədəni çöküşün astanasında olduğu bildirilir. O, AfD-ni radikalizm ittihamlarından müdafiə edərək, partiyanın iqtisadiyyata, o cümlədən tənzimləmə və vergi siyasətinə yanaşmasını yüksək qiymətləndirib. Qəzetin “rəylər” şöbəsinin redaktoru Yeva Mari Kogel məqalənin dərc edilməsinə etiraz olaraq, “X” sosial şəbəkəsində işdən çıxması barədə ərizə verdiyini yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Almaniya   Mask   ittiham  





Xəbər lenti