Gürcüstanda hər iki tərəf öz qələbəsinə əmindir

   Gürcüstanda hər iki tərəf  öz qələbəsinə  əmindir
  26 Oktyabr 2024    Oxunub:1130
Bu gün Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrinin ölkənin xarici siyasət kursunun hansı istiqamətdə inkişaf edəcəyinə ciddi təsir göstərəcək. Bu baxımdan, hakimiyyət də, müxalifət də seçki prosesinə müdaxilə cəhdlərinin göstəriləcəyini istisna etmirlər.
AzVision.az xəbər verir ki, Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının banisi və fəxri sədri Bidzina İvanişvili parlament seçkilərində səs verdikdən sonra vətəndaşları seçkilərdə iştirak etməyə çağırıb.

“Bizim çox sadə seçimimiz var: ya biz Gürcüstan xalqına, gürcü cəmiyyətinə sizə xidmət edəcək, ölkənin qayğısına qalacaq hökumət seçirik, ya da yalnız xaricdən gələn göstərişləri yerinə yetirəcək xarici dövlətin agentini seçirik. Sizə məlumdur ki, qonşuluqda müharibə gedir. Agentləri idarə edən və təəssüflər olsun ki, bu gün siyasətdə olan ölkənin təcili vəzifəsi var - Gürcüstanı hansısa yolla hərbi əməliyyatlara cəlb etmək. Sizi inandırıram ki, bu, çox vaxt aparmayacaq, bir anda baş verəcək və ölkənin inkişafının qayğısına qalmaq əvəzinə, ölkəyə fəlakət, xarabalıq gələcək”, - İvanişvili jurnalistlərə açıqlamasında vurğulayıb.

Onun sözlərinə görə, bu seçkilərdə keyfiyyətcə yeni cəmiyyət formalaşdırmaq lazımdır ki, orada belə antaqonizm, bu cür nifrət dolu ritorika, belə qütbləşmə olmasın.
İvanişvilinin müraciətindən əvvəl, bu gün səhər saatlarında Gürcüstanın baş naziri İrakli Kobaxidze hakim partiyanın seçkilərdə 60%-ə qədər səs toplayacağına əmin olduğunu bildirib.

Eyni zamanda, öz qələbəsinə şübhə etməyən Gürcüstan müxalifətinin liderləri vətəndaşları ölkənin avropayönlü gələcəyinə səs verməyə çağırıblar.

- Bu gün gələcək onillikləri formalaşdıracaq həlledici gündür. Zəhmət olmasa seçkilərə gedin, iştirak edin, daha böyük perspektiv əldə etmək üçün bizə mümkün qədər çox fəaliyyət lazımdır. Gürcüstan ləyaqətli insanlar ölkəsidir. Əminəm ki, bu çətin zamanda birləşəcək və axşam biz birlikdə böyük qələbəni qeyd edəcəyik”, - müxalif “Aqmaşenebeli strategiyası” partiyasının lideri Georgi Vaşadze deyib.

“Gürcüstan uğrunda” partiyasının lideri Giorgi Qaxarianın fikrincə, seçkilərin nəticəsi ölkənin “normal, demokratik, azad, ədalətli Avropa inkişafı yoluna qayıda bilməyəcəyini” müəyyənləşdirəcək.

“Qirçi – daha çox azadlıq” partiyasının lideri Zurab Caparidze Gürcüstanın Aİ və NATO-da gələcəyinə səs verdiyini deyib: “Əminəm ki, vətəndaşlar son nəticədə ölkəni Avropa Birliyinə, NATO-ya və 5- 6 ildən sonra Avropa Birliyinin tamhüquqlu üzvü olması seçimini edəcəklər”.

Onun “Dəyişikliklər koalisiyası”ndakı tərəfdaşı, “Axali”nin lideri Nika Qvaramiya isə müxalifətin “birmənalı” qələbəsinə əmin olduğunu vurğulayıb.

Gürcü qanunundan kim narazıdır: xalq, yoxsa Qərb? | TƏHLİL
Qeyd edək ki, rəsmi Tbilisinin siyasətindən narazılığını gizlətməyən və Gürcüstan hökumətinə təzyiqlərə əl atan kollektiv Qərb bu parlament seçkilərindən öz geosiyasi məqsədləri üçün istifadə etməyə çalışır.

Bununla belə, maraqlıdır ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkə hakimiyyətinin Qərb tərəfdaşlarından respublika ilə münasibətlərin yaxın vaxtlarda, parlament seçkiləri başa çatdıqdan sonra bərpa olunacağına dair “yaxşı siqnallar” aldığını bəyan edib.

- Çox yaxşı siqnallar almışıq, dünənki siqnalları nəzərdə tuturam. Münasibətlərin çox tezliklə, proqnozlaşdırdığımızdan daha tez yenidən yüklənəcəyini göstərən inanılmaz siqnallarımız var. Mən strateji tərəfdaşlarımızdan gələn siqnalları, strateji tərəfdaşlarımızla ünsiyyəti nəzərdə tuturam”, - Gürcüstanın baş naziri vurğulayıb.

Xatırladaq ki, bu gün Gürcüstanda keçirilən parlament seçkilərində vətəndaşlar proporsional sistem əsasında 150 deputat seçirlər. Seçkilərdə 18 partiya və blok iştirak edir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Gürcüstan   seçkilər   qələbə  





Xəbər lenti