ABŞ gəmiləri Rusiyanın Arktika sahillərinə yaxınlaşıb

ABŞ gəmiləri Rusiyanın Arktika sahillərinə yaxınlaşıb
  25 Oktyabr 2024    Oxunub:929
İki Amerika esminesi - USS Jason Dunham (DDG 109) və USS Stout (DDG 55) gəmiləri Rusiya Arktikası yaxınlığında xüsusi tapşırıqları yerinə yetirmək üçün Barents dənizinin qərb hissəsinə daxil olub.
AzVision.az ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin (HDQ) mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, gəmilər “Harry S. Truman” təyyarə daşıyıcıları zərbə qrupunun tərkibinə daxildir. Bu, Amerika esmineslərinin son dörd ildə regiona ilk gəlişidir.

“Geniş qlobal iştirakımızı qorumaq üçün Çətin Arktika şəraitində uzunmüddətli əməliyyatlar aparmaq qabiliyyətimiz vacibdir. “Jason Dunham” və “Stout” esmineslərinin Barents dənizinə göndərilməsi ABŞ Hərbi Dəniz Qüvvələrinə sərt Arktika şəraitinə daha yaxşı uyğunlaşmağa imkan verəcək və eyni zamanda Vaşinqtonun azad və açıq Arktikanı qoruyub-saxlamaq öhdəliyini bir daha təsdiq edəcək”, - təyyarə daşıyıcıları qrupunun komandanı, kontr-admiral Şon Beyli vurğulayıb.

Hər iki esmines həm dənizdə, həm də quruda hava hücumundan müdafiə (HHM), sualtı qayıqlara qarşı missiyaları yerinə yetirməyə və hədəflərə hücum etməyə qadir olan çoxməqsədli döyüş gəmiləridir. Gəmilər onlarla müxtəlif diapazonlu raketlər və torpedalar ilə təchiz olunub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Arktika  





Xəbər lenti