“Azərbaycan Süni İntellekt yarışında uduzur” | VİDEOMÜSAHİBƏ

 “Azərbaycan Süni İntellekt yarışında uduzur”  | VİDEOMÜSAHİBƏ
  30 Sentyabr 2024    Oxunub:2451
“Təəssüflər olsun ki, mən Azərbaycanı Süni İntellekt sahəsində istehlakçı kimi görürəm. Bizim bu istiqamətdəki siyasətimiz və müəyyən qurumların atdığı addımlar daha çox istehlakçı davranışı təsiri bağışlayır. İrəliləmək üçün ideyalara dəstək verilməsi çox önəmlidir”.
Bu sözləri AzVision.az-a müsahibəsində yüksək texnologiyalar və Süni İntellekt üzrə ekspert Elvin Abbasov deyib. O bildirib ki, Azərbaycanda Sİ və digər yüksək texnoloji sahələrdə gənclərin ideyaları dəstəklənmir. Bizdəki müxtəlif fondlar real biznesə pul yatırırlar. Gənclərin təşəbbüskarlığı ideya mərhələsində qiymətləndirilmir.

- Qurumlarımız Sİ yaratmaq layihələrini elan edirlər. Baxanda aydın olur ki, onlar sadəcə “Open Aİ”-nin “ChatGPT”-sinə qoşularaq, ora məlumat göndərir, təhlil və emal olunan cavabı alırlar. Yəni özümüzün Sİ modelimiz yoxdur. Biz yenə də istehlakçıyıq, sadəcə, proqramın görüntüsünü yaradırıq.

Ekspert deyir ki, Sİ yaratmaq üçün ilk növbədə, faydalı kontentdən başlamalıyıq. İnsanlar bilməlidir ki, sosial şəbəkələrdə məzələnməklə ölkəni inkişaf etdirmək mümkün deyil. Hər kəs öz ixtisası və peşəsi sahəsində faydalı məzmun yaratmalıdır:

- Azərbaycanda niyə Sİ yaradıla bilinmir? Çünki bizdə faydalı kontent yoxdur. Əslində bu gün hər kəs Sİ yarada bilər. İnternetdə neyron şəbəkə modelləri artıq açıq mənbələrdə var. Sadəcə, onun öyrənməsi üçün məlumat bazası lazımdır. Azərbaycanda məlumat bazası olmadığı üçün Sİ modelləri təkmilləşə bilmir.


“Open Aİ” şirkəti “ChatGPT”ni yaradarkən “Vikipedia”nın ingilis dilli mənbəsinə müraciət etdi. Sİ yaratmaq üçün “big data” dediyimiz faydalı kontent olmalıdır. “Vikipedia”da Azərbaycanla Ermənistanı müqayisə etmək istərdim. Orada ermənilərin 300 min məqaləsi və 150-200 min arası istifadəçisi var. Azərbaycanca 200 min kontent və 300 min istifadəçi mövcuddur. Həmin 200 min məqaləyə, yəni faydalı kontentə də hələ biz bu yaxınlarda çatmışıq. Qeydiyyatdan keçmiş həmin 300 min istifadəçinin yalnız 30 nəfəri aktivdir, yəni faydalı kontent yaradır.

Biz xalq kimi faydalı kontent yaratmağa çalışmalıyıq. Bunu heç bir dövlət qurumu etməli deyil. Bu məsələdə cəmiyyət fərdi qaydada milli mənafeyi uğrunda iş aparmalıdır. Sİ yaradılması üçün Azərbaycan dilində geniş kontentə ehtiyac var. Heç bir ölkədə bunu dövlətdən gözləmirlər. Bəzi məsələlər cəmiyyətin öhdəliyidir, həmin sahələri cəmiyyətin özü inkişaf etdirməlidir. Cəmiyyət tənqidçilikdən çıxıb, təkilfçiliyə, şikayətdən çıxıb, emala keçməlidir. Özü nə isə yaratmalıdır. Çox şikayət yerində saymaq deməkdir. Qolumuzu çırmayıb, iş başına keçməliyik. Nə isə yaratmalıyıq ki, xalq olaraq inkişaf edək və inkişaf etdirək, gələcək nəsillərə söz-söhbətdən, yumordan, atmacadan başqa faydalı bir məlumat qoyaq.


- Süni İntellektdən dezinformasiya və ictimai fikrin, sosial-siyasi düşüncənin manipulyasiyası üçün istifadə olunması mümkündürmü?
- Birbaşa şəkildə yox, amma pərakəndə qaydada mümkündür. Tutaq ki, biz dezinformasiya yaymaq istəyirik, amma elə etmək istəyirik ki, bunu akademik mənbə kimi göstərək. Hansısa mövzu ilə bağlı Süni İntellektə prompt verib məqalə yazdırırıq. Beş doğru faktın yanına uydurma bir hadisəni də qoşur və bunu yayırıq. Dörd-beş düz hadisə varsa, altıncının həqiqət olub-olmadığına heç kim baxmayacaq. Bundan sonra “Vikipedia”da olmamış hadisəni həqiqət kimi göstərərək daha əvvəl yaydığımız dezinformasiyanı mənbə kimi qeyd edib, hətta akademik səviyyəyə qaldıra bilirək.

Dezinformasiya bu gün böyük hibrid müharibələrin əsas motivi sayılır. Cəmiyyəti çaşdırmaq, onun fikrini yayındırmaq, olmayan hadisəni olmuş kimi qələmə vermək motivləri yaranıb. Bu müstəvidə Sİ alətdir, yəni biz ona hər hansı ssenarini yazdıra bilərik. Amma 150 səhifəlik elmi əsəri Sİ yaza bilməyəcək. Bir sözlə, Sİ yaradıcı qüvvə deyil.

Eyni zamanda, Sİ bizim nəzərə almadığımız və gözdən qaçırdığımız bir çox şeyləri dəqiqliklə təhlil və emal edə bilir. Bu elə bir alətdir ki, milyonlarla mənbəni eyni anda təhlil edib, lazım olan motivləri birləşdirib, ortaya yeni bir məhsul qoyur. Sİ-nin heç bir emosiyası, qərəz və sevgi hissi yoxdur, insana xas duyğuları daşımır, təhlil və emal qüvvəsidir. İnsan üçün yardımçı və köməkçi alətdir.

- Bir müddət əvvəl İlon Mask və Stiv Voznyak bu sahədə ciddi nəzarətin yaradılmasının vacibliyi barədə təşviş doğuran bəyanat verdilər. Belə həyəcanın əsası varmı? Yoxsa biz Sİ-dən xaotik və nəzarətsiz istifadənin ciddi təhlükə yarada biləcəyindən nahaq yerə narahat oluruq?
- Bunun suala birmənalı şəkildə “hə” və ya “yox” cavabı mövcud deyil. Hər şey insanın Süni İntellekti təhlükəli və ya təhlükəsiz yaratmasından asılıdır. Sİ daim təmizlənməyə və korrektəyə, elektrik şəbəkəsinə qoşulmağa və enerjiyə ehtiyacı olan alətdir. İnsan olmasa Sİ özünü necə təchiz və idarə edəcək? Buna insan əməyi lazımdır. Sİ insanı yox etsə, özünü yox etmiş olacaq. Digər tərəfdən, Sİ-nin bizə qarşı qərəzli davranması üçün onun hissləri olmalıdır.

“Open Aİ” yaradılanda İlon Mask həmin şirkətdə iştirak etdi, amma sonra geri çəkildi. Daha sonra isə müstəqil şəkildə Sİ yaratmaq üçün bir neçə kiçik cəhdlər göstərdi. Mask uğurun 100%-ni özü üçün istəyən və uğurunu bölüşməyi sevməyən şəxsdir. Ona görə də, düşünürəm ki, bu bəyanatla İlon Mask sadəcə, rəqiblərinin fəaliyyətini ləngitmək istəyir.
Bu kontekstdə ən rasional mövqe, məncə, Bill Qeytsə məxsusdur: “Gələcəkdə ən böyük şirkət ən yaxşı Sİ assistentini yaradan şirkət olacaq”. Yəni o, Sİ-ni kapital və insan kimi yox, assistent kimi qəbul edir. Bir sözlə, Sİ yalnız köməkçidir.

- Sİ-dən nəzarətsiz və sui-istifadə olunması baxımından yarana biləcək təhlükələrin dəf edilməsi üçün dövlətlərin əməkdaşlığı mümkündürmü? Yoxsa, bəzi sahələrdə olduğu kimi, burada hər kəs özü üçündür?
- İstənilən bir məhsulu yaratmaq üçün beynəlxalq standartlar və qurumlar var. Məsələn, bunlardan biri olan İSO təşkilatı bütün ölkələrlə, o cümlədən də bizim “Azstandart”la əməkdaşlıq edir. İstər rəqəmsal, istərsə də fiziki məhsulun beynəlxalq müstəviyə və istehlakçıya çıxması üçün sertifikatlaşması, referansa uyğunlaşması zəruridir. Əks halda, bazarda yer tuta bilməyəcək. Hər şey standartlarla ölçülür.
Açıq işlərdə saxtakarlıq və sui-istifadə halları azdır, çünki nəzarət çoxdur. Sİ də açıq bir mənbədir, orada nəzarət çoxdur. Yəni Sİ-ni bıçağa çevirmək o qədər də asan məsələ deyil. Biri onu bıçağa çevirmək istəsə, 10-u gəlib bunun səhv olduğunu deyəcək və düzəltməyi tələb edəcək.
Sizin dediyiniz təhlükəli kontentlər fərdi müstəvidə yaradılır. Bunlar təkmilləşdirilmiş xüsusi saxtakarlıq dəstələrinin, kiberdələduzlarının yaratdığı məhsullardır. Cəmiyyəti Sİ-dən çəkindirəcək bəyanatlar vermək düzgün deyil. Sİ dost alətdir. İşlərimizin daha səmərəli və səliqəli görülməsində çox faydalıdır. Sİ-dən istifadə edə bilməyən insanlar gələcəkdə çox zəif mövqedə olacaqlar. Məncə, bütün zümrələrin nümayəndələri bunu öyrənməlidirlər. Bu gün həyatımızın mərkəzində sosial şəbəkələr durur, gələcəkdə isə Sİ dayanacaq. Bundan qorxmaq lazım deyil, çünki Sİ düşmən yox, dostdur.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Süni-İntellekt      





Xəbər lenti