Reuters: "BƏƏ "F-35" almaq üçün Trampın seçilməsinə tərəfdardır"

      Reuters:    "BƏƏ "F-35" almaq üçün Trampın seçilməsinə tərəfdardır"
  13 Sentyabr 2024    Oxunub:1236
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-nin sabiq lideri Donald Trampın noyabrda ikinci dəfə prezident seçiləcəyi təqdirdə "F-35" hərbi təyyarələri və silahlı pilotsuz uçuş aparatları (PUA) almaq üçün Vaşinqtonla müqaviləni gündəmə gətirmək niyyətindədir".
Bu sözləri BƏƏ hökumətin adı açıqlanmayan üç rəsmi nümayəndəsi "Reuters" xəbər agentliyinə bildirib. Onlar diqqətə çatdırırlar ki, rəsmi Əbu-Dabi, uzun müddətdir ki, düşmən radarlarından yayına bilən texnologiyaya malik qabaqcıl hərbi təyyarə axtarışındadır.

"ABŞ transferi təsdiqləyərsə, BƏƏ İsrailin ardınca "F-35" qırıcılarını əldə edən ikinci Yaxın Şərq ölkəsi olacaq", - "Reuters" yazır.

Xatırladaq ki, Donald Tramp prezidentliyinin son günlərində sözügedən 23 milyard dollarlıq müqaviləni imzalamış, ancaq Əbu-Dabi Co Bayden administrasiyası ilə şərtləri razılaşamadığı üçün danışıqları dayandırmışdı. Həmin müqaviləyə "F-35"lərlə yanaşı "MQ-9 Reaper" PUA-ları da daxil idi.

"Donald Tramp yenidən Ağ Evə qayıdarsa, BƏƏ danışıqları bərpa etməyə çalışacaq", - rəsmi nümayəndələr vurğulayırlar.
ABŞ səfiri: "Türkiyəyə "F-35" satışı yalnız bu halda baş tuta bilər"

Yeri gəlmişkən, Türkiyənin də ABŞ-dən "F-35" almaq məsələsi də bu yaxınlarda yenidən gündəmə gəlmişdi. ABŞ-nin Türkiyədəki səfiri Cef Fleyk Ankarada mətbuata açıqlamasında bildirmişdi ki, "Rusiyanın "S-400" hava hücumundan müdafiə sistemləri ilə bağlı problem həllini taparsa, Türkiyəyə "F-35" qırıcılarının satışı barədə danışıqlar aparılacaq".

"Vaşinqton Türkiyənin yenidən "F-35"lər ala bilməsini arzulayır. Bu qərar isə təkcə ABŞ-dən yox, konsorsiumun digər üzvlərindən də asılıdır", - amerikalı diplomat demişdi.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   BƏƏ   F35   Türkiyə  





Xəbər lenti