Politico: “Putin Çinə məxfi texnologiyalar ötürür”

      Politico:    “Putin Çinə məxfi texnologiyalar ötürür”
  11 Sentyabr 2024    Oxunub:1223
Çin Rusiyaya əhəmiyyətli hərbi dəstək verməklə Moskvanın Ukraynaya qarşı müharibə aparmasına kömək edir. Bunun qarşılığında Kreml Pekinə sualtı qayıqlar, raketlər və digər müasir silah növlərinə aid texnologiyalar göndərir.
AzVision.az “Politico” nəşrinin yaydığı məlumata istinadən xəbər verir ki, ABŞ Dövlət katibinin müavini Kurt Kempbell Brüsseldə Avropa İttifaqı və NATO ölkələrindən olan həmkarları ilə görüşdən sonra bir qrup jurnalistə açıqlamasında belə deyib.

Nəşrin yazdığına görə, Vaşinqton əvvəllər Çinin Rusiyaya ikili təyinatlı texnologiyaları verdiyini, Qərb elektronikasını yönləndirdiyini və silah istehsalı üçün istifadə oluna biləcək avadanlıqlar göndərdiyini iddia edirdisə, indi amerikalı məmur Pekinə qarşı daha birmənalı ittihamlar irəli sürüb.

“Bunlar artıq ikili təyinatlı silahlar deyil. Onlar, əslində, birbaşa Rusiya hərbi maşınında istifadə olunur. Bunlar işin davam etdirilməsinə, onun müxtəlif elementlərinin yaradılmasına və şaxələndirilməsinə kömək etmək üçün Çinin çox əhəmiyyətli səylərinin bir hissəsidir. Ən yüksək səviyyədə hər iki ölkənin hökumətlərinin təşviş doğuran bu əməkdaşlığın bəzi elementlərini necə gizlətməyə və qorumağa çalışdıqlarını biz görürük. Bu fəaliyyətin çoxu gizli şəkildə həyata keçirilir”, - Kurt Kempbell deyib.

Vaşinqton iddia edir ki, bu cür yardımın əvəzində Moskva Pekinə yaxşı pullar ödəyir. Eyni zamanda, əgər Rusiya əvvəllər ən son hərbi texnologiyaları Çinlə bölüşməkdən ehtiyatlanırdısa, indi bunu etməyə başlayıb və əvvəllər “açıq şəkildə Pekinlə birbaşa əlaqə qurmaq istəmədiyi” sahələrdə indi ona dəstək verir.

“Buraya sualtı qayıqlarla bağlı əməliyyatlar, gizli texnologiyalar, “stels” texnologiyaları da daxil olmaqla, o cümlədən aeronaviqasiya mühəndisliyi layihələri və raket texnologiyası imkanları daxildir”, - ABŞ Dövlət katibinin müavini vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Kempbell   Rusiya   Çin  





Xəbər lenti