Ağ Ev Ukrayna ilə bağlı Konqresə məxfi məruzə təqdim edib

   Ağ Ev Ukrayna ilə bağlı Konqresə    məxfi məruzə    təqdim edib
  10 Sentyabr 2024    Oxunub:856
Ağ Ev administrasiyası Konqresə Rusiya-Ukrayna müharibəsi ilə bağlı özünün strategiyasını izah edən məxfi hesabat göndərib.
Üç anonim məbəyə istinad edən “Reuters” agentliyinin yazdığına görə, söhbət Ukraynaya 60 milyard dollarlıq yardım tələbini nəzərdə tutan qanun layihəsinə daxil edilmiş, ötən ilin payızından ətrafında mübahisələr gedən və nəhayət bu ilin aprelində qəbul olunmuş sənəddən gedir. Strategiya hesabatının təqdim edilməsi üçün son tarix kimi iyun ayı nəzərdə tutulubmuş. Lakin Konqres üzvlərindən birinin köməkçisi hesabatı bazar ertəsi aldıqlarını və sənədi hələ görmədiklərini bildirib. Daha iki mənbə də sənədi aldığını təsdiqləyib.

Bəzi respublikaçılar hesabatın təqdimatının nəzərdə tutulan vaxtdan xeyli gecikməsindən məyus olduqlarını və Ukraynaya dəstəyin maliyyələşdirilməsi üçün gələcək təşəbbüslərə maneçilik törədə biləcəklərini deyiblər. Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri, Cim Riş avqust ayında hesabatla bağlı vəziyyəti şərh edərək, Ukraynaya yardımı dəstəklədiyini, lakin bunun “kor-koranə” tərəfdarı olmadığını bildirib.

“Hələ Putinin Ukraynaya qarşı müharibəsinin ilk günlərindən biz Bayden-Harris administrasiyasından ABŞ və müttəfiqlərinin Ukraynaya qalib gəlməsində necə kömək göstərəcəyi ilə bağlı strategiya təqdim etməyi xahiş etdik. Onlar sorğuya cavab verməyəndə biz qanuna yazdıq ki, belə bir strategiya Konqresə təqdim olunmalıdır. Son müddət də keçib, amma heç bir cavab verilməyib”, - senator Riş vurğulayıb.

Onun sözlərinə görə, Bayden-Harris tandemi bu strategiyanı təkcə Konqresə yox, həm də Amerika xalqına təqdim etməlidir. Hakimiyyət tandeminin reaksiya verməməsi belə bir strategiyanın olmadığına və ya onların bunu göstərməkdən çəkindiklərinə dəlalət edir.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: ABŞ   Ukrayna   məruzə  





Xəbər lenti