Engin Özer: “Bakı Moskva ilə Kiyev arasında vasitəçi ola bilər”

   Engin Özer: “Bakı Moskva ilə Kiyev arasında vasitəçi ola bilər”
  09 Sentyabr 2024    Oxunub:1168
Türkiyə Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə danışıqların aparılmasında vasitəçiliyi Azərbaycana təhvil verə, Moskva isə müvafiq variantı qəbul edə bilər.
AzVision.az xəbər verir ki, türkiyəli analitik Engin Özer Rusiya mediasına açıqlamasında belə ehtimal irəli sürüb.

“Variant belə ola bilər ki, Türkiyə İstanbul danışıqlarının razılaşdırılmış bütün məqamlarını Azərbaycan tərəfinə ötürsün və danışıqların diplomatik dəstəklə Bakıda aparılmasını təmin etsin”, - ekspert deyib.

Onun fikrincə, Moskvanın təsdiqlədiyi vasitəçi ölkə münaqişə bitdikdən sonra beynəlxalq aləmdə mövqelərini möhkəmləndirəcək.

- Ona görə də, Moskva bu “hədiyyəni” NATO üzvü olan ölkəyə vermək istəməyəcək. Çox güman ki, Rusiya administrasiyası bu cür nüfuz qazanmaq üçün Qoşulmama Hərəkatının üzvü olan ölkəyə üstünlük verəcək”, - Engin Özer vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev İtaliyada keçirilən Cernobbio Beynəlxalq Forumunda moderatorun suallarını cavablandırarkən Bakının lazım gələrsə, Moskva ilə Kiyev arasında münaqişənin həllində iştirak etməyə hazır olduğunu bildirib.

Rusiya prezidenti Vladimir Putin isə Şərq İqtisadi Forumunda çıxışında Ukraynanın danışıqlara həvəsi yaranacağı halda, Rusiyanın imtina etməyəcəyini, lakin onların İstanbulda qeydə alınan razılaşmalar əsasında aparılacağını diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Azərbaycan   Rusiya   Ukrayna  





Xəbər lenti