"İblis və..." tamaşasının premyerası Sankt-Peterburqda olacaq

"İblis və..." tamaşasının premyerası Sankt-Peterburqda olacaq
  31 Avqust 2024    Oxunub:1090
3-4 sentyabr tarixlərində Akademik Milli Dram Teatrının "İblis və..." tamaşasının premyerası Sankt-Peterburqda - Aleksandrinski Teatrında keçiriləcək.
Akademik Milli Dram Teatrının mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, tamaşanın nümayişindən əvvəl Aleksandrinski Teatrının Yeni səhnəsində Akademik Milli Dram Teatrının eskiz və fotolarından ibarət sərgi nümayiş olunacaq.

Sərgidə teatrın tarixi, yerləşdiyi binanın özəlliyi, məşhur rejissorları, aktyorları, teatr hadisələrinə çevrilmiş tamaşaları öz əksini tapır.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Həsənov, bəstəkarı Azər Hacıəsgərli, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Azər Turan, rejissor assistentləri Nərmin Həsənova və Ceyran Başarandır.

Hüseyn Cavidin “İblis” faciəsinin motivləri əsasında hazırlanan tamaşanın janrı fəlsəfi dekonstruktiv-metadramdır. Qərbdə də, Şərqdə də çox araşdırılan, diqqət çəkən İBLİS mövzusu Hüseyn Cavid yaradıcılığında Tanrı kоnsepsiyası ilə özünəməхsus çalarda həll edilib. Hüseyn Cavid İnsan, İblis, Tanrı kоnsepsiyasını özünəməхsus formada ortaya qoyur. Onun İnsan, İblis, Tanrı haqqındakı fikirləri yaradıcılığının böyük, daхili qüvvəsi və mahiyyətidir. Bu tamaşa Hüseyn Cavidin “İblis” əsəri əsasında dekonstruksiya da adlana bilər.

Tamaşada Əməkdar artistlər Ayşad Məmmədov və Anar Heybətov (İblis), Elnar Qarayev (İblisin varisi-1), Elşən Cəbrayılov (İblisin varisi-2), aktyorlar Ziya Ağa (Arif), Elsevər Rəhimov (Vasif), Əməkdar artist Vəfa Rzayeva (Rəna), aktyor Elçin Əfəndi (İbn Yəmin), əməkdar artist Elşən Rüstəmov (Elxan), Xalq artisti Kazım Abdullayev (İxtiyar şeyx), aktyorlar Lalə Süleymanova (Xavər), Vüsal Mustafayev (Vasifin dostu), Elçin Nurəliyev (Çavuş, Haydut) və Tural İbrahimov (Kanuni, Haydut) iştirak edirlər.

Tamaşa 4-5-6 oktyabr tarixlərində isə Akademik Milli Dram Teatrında tamaşaçılara təqdim olunacaq.

Qeyd edək ki, bu, Azərbaycan teatr tarixində Aleksandrinski Teatrında premyerası keçirilən ilk tamaşadır.

AzVision.az



Teqlər:





Xəbər lenti