ABŞ öz mövqeyini dəyişməyib, London isə ehtiyatlanır

   ABŞ öz mövqeyini dəyişməyib, London isə ehtiyatlanır
  28 Avqust 2024    Oxunub:881
Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadəyə dair mövcud məhdudiyyətləri Vaşinqton ləğv etməyib.
AzVision.az xəbər verir ki, Pentaqonun rəsmi nümayəndəsi Patrik Rayder keçirdiyi brifinqdə belə deyib.

Brifinqdə jurnalistlər Ukrayna prezidenti Volodimir Zelenskinin avqustun 26-da Ukraynanın regionlarına kütləvi hücumdan sonra tərəfdaşlarını yenidən məhdudiyyətləri aradan qaldırmağa çağırdığını xatırladıblar. Ukraynanın baş naziri Denis Şmıqal isə ölkənin 15 regionunda məhz enerji obyektlərinin zədələndiyini bildirib.

Bu faktlara cavab olaraq, Rayder Ukrayna hərbçilərinin ABŞ-dən alınan silahları özünümüdafiə və cavab atəşi üçün istifadə edə bilmələrini deyib.

“Rusiyaya qarşı uzaq məsafədən zərbələrə gəldikdə, bizim siyasətimiz dəyişməz olaraq qalır”, - Pentaqonun rəsmisi vurğulayıb.

Bununla da Vaşinqton Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün ABŞ-nin verdiyi silahlardan istifadə olunmasına qoyduğu məhdudiyyətin qüvvədə qaldığını Kiyevin diqqətinə çatdırıb. Bu isə sözügedən məsələdə daha radikal mövqe sərgiləyən Londonun da ehtiyatlı davranmasını şərtləndirir.

Ağ Evdəki həmsöhbətlərinə və Britaniya hökumətinə istinad edən “The Telegraph” qəzeti yazır ki, London Ukraynaya verdiyi “Storm Shadow” raketləri ilə Rusiyadakı hədəflərə zərbələr endirmək ideyasını dəstəkləsə də, ABŞ-la münasibətlərin pisləşməsindən qorxduğu üçün açıq şəkildə buna çağırmır.

Nəşrin iddiasına görə, Böyük Britaniyanın baş naziri Kir Starmer “qalmaqal yaratmaq” istəmir və əvvəlki Mühafizəkarlar hökuməti dövründə yaşanmış diplomatik qalmaqallardan sonra müvafiq icazənin verilməsi ilə bağlı ABŞ-la danışıqlarda “məsləhətçi yanaşma” siyasətinə üstünlük verir.

Ağ Evdəki mənbə isə jurnalistlərə bildirib ki, Co Bayden administrasiyası Ukraynanın hətta ABŞ-nin qadağasını nəzərə almadan belə Rusiyaya qarşı müharibədə həmin silahlardan istifadə etməsinin “vəziyyəti gərginləşdirəcəyindən” və Amerika qoşunlarının bu münaqişəyə cəlb olunmasına gətirib çıxara biləcəyindən narahatdır.

Eyni zamanda, jurnalistlərin məlumatına görə, yayın əvvəlində Böyük Britaniya hökuməti ABŞ-dən öz mövqeyini yumşaltmağı və öz silahlarından Ukraynaya Rusiya ərazisinə raket zərbələri endirməyə icazə verməyi xahiş edib. Lakin Birləşmiş Ştatlar Ukraynaya hərbi texnikanın tədarükü məsələsində Britaniyanın tələsik mövqeyindən özəl qaydada narazılığını bildirib.

“The Telegraf” qəzetinin jurnalistləri onu da vurğulayıblar ki, Böyük Britaniyanın Ukraynaya döyüş tankları bağışlayan ilk Qərb ölkəsi olmaq qərarı, eləcə də F-16 döyüş təyyarələrinin verilməsini dəstəkləməsi Vaşinqtonda narahatlıq doğurub. Çünki ameriaklı rəsmilər Londonun onları da oxşar qərarlar verməyə sövq etməyə çalışdığını düşünürlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   Britaniya   Ukrayna  





Xəbər lenti