"Küçə sənətçiləri" layihəsində iştirak etmək üçün müsabiqə elan olunur

"Küçə sənətçiləri" layihəsində iştirak etmək üçün müsabiqə elan olunur
  27 Avqust 2024    Oxunub:1668
Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsi "Küçə sənətçiləri" layihəsində iştirak etmək üçün müsabiqə elan edir.
Layihə Bakı şəhərinin mərkəzində 20 qalib iştirakçı üçün xüsusi ayrılmış çıxış yerlərində küçə sənətçilərinin öz istedadını və sənətini sərbəst şəkildə nümayiş etdirmələrinə dövlət dəstəyinin göstərilməsini nəzərdə tutur.

Layihənin əsas məqsədi müasir dünyada çox geniş yayılmış incəsənəti və biznesi özündə birləşdirən küçə sənətinin ("Street Performance") biznes aspektlərinin və müasir turizm tendensiyalarında formalaşan rolunun Azərbaycan gəncləri arasında düzgün təbliğinə nail olmaqla yanaşı, tursitlərin marağına səbəb ola biləcək yeni şəhər fəaliyyət növlərinin formalaşdırılmasına dəstək olmaqdan ibarətdir. Küçə sənəti vasitəsilə ifaçılıq, rəssamlıq, aktyorluq, dulusçuluq və ya toxuculuq sənətinə dair ustad çıxışlarını fərqli formatlarda turistlərə nümayiş etdirməklə həm Azərbaycan xalqının unikal milli-mədəni irsini təbliğ etmək, həm də ərsəyə gələn nümunələrin satışını həyata keçirməklə küçə sənətçiləri tərəfindən müəyyən iqtisadi gəlirlərin əldə edilməsinə dəstək olmaq layihənin məqsədidir.

Layihənin müsabiqə mərhələsində qısa zaman çərçivəsində turistlərin diqqətini çəkə biləcək və onların marağına səbəb olacaq, eləcə də onların əylənməsinə şərait yaradacaq sənət növlərinin - akrobatika, şarlardan müxtəlif formalı əşyaların düzəldilməsi, karikaturalar, klounluq, komediya, rəqs, ifaçılıq, sehrbazlıq, mim, pantomim, canlı heykəl, musiqi performansları, solo ifaçılar, 2 və 3 nəfərlik kiçik qruplar, kuklaçılıq, hekayə, şeir və ya nəsr oxuyanlar, o cümlədən eskiz və rəssamlıq kimi küçə sənəti, fotoqraflıq, xalça toxuma, küçə teatrı və s. ilə məşğul olan sənətçilər mütəxəssis sənətşünaslar tərəfindən seçiləcək. Növbəti mərhələdə isə onlar müvafiq çıxış yerlərində yerləşdiriləcək və fəaliyyətlərinə nəzarət edilməklə sərbəst çıxış etmələri üçün şərait yaradılacaq.

Müsabiqənin seçim turu 2 mərhələdə keçirilir. 1-ci mərhələdə iştirakçıların onlayn olaraq təqdim etdikləri öz çıxışlarından ibarət 3 dəqiqəlik videoçarxlar mütəxəssislər tərəfindən müsbət və mənfi rəylər verilməklə qiymətləndiriləcək. Müsbət rəy alan namizədlər 2-ci – əyani mərhələdə iştirak edəcəklər. Müsabiqənin əyani seçim turunda isə qiymətləndirmə 10 ballıq şkala üzrə aparılacaq və müvafiq dayanma yerlərinin sayına uyğun olaraq ən yüksək bal toplamış sənətçilər qalib olub, növbəti 6 ay ərzində layihədə iştirak etmək hüququ qazanacaqlar.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 28 avqust – 28 sentyabr tarixlərində aşağıda göstərilən telefon və elektron poçt vasitəsilə əlaqə yarada bilərlər.

Telefon: (+99412) 498 12 44
Elektron poçt: [email protected]

Linkə daxil olaraq müsabiqə qaydaları ilə tanış ola bilərsiniz:

https://tourism.gov.az/uploads/documents/qaydalar.pdf

AzVision.az


Teqlər:





Xəbər lenti