Gürcüstan hökuməti məqsədində israrlıdır

   Gürcüstan hökuməti məqsədində israrlıdır
  23 Avqust 2024    Oxunub:1037
Gürcüstan hakimiyyəti parlament seçkilərindən sonra yalnız eks-prezident Mixeil Saakaşvilinin “Vahid Milli Hərəkat” partiyasının deyil, həm də onunla əlaqəli digər birliklərin fəaliyyətini konstitusiyaya zidd olduğunu tanımaq niyyətindədir.
AzVision.az xəbər verir ki, Gürcüsatnın Baş naziri İrakli Kobaxidze keçirdiyi brifinqdə ölkədə hansı partiyaların Konstitusiyaya zidd olmasının tanınacağı barədə sualı cavablandırarkən belə deyib.

“Əslində bizdə elə də çox subyekt yoxdur. “Vahid Milli Hərəkat” və çeçkilərdə birgə iştirak etmək üçün ona əlavə daxil olan bir neçə partiya var. Siz də bilirsiniz ki, “Vahid Milli Hərəkat” kollektivinə “Axali”, “Girçi”, “Droa” daxildir. Bu siyasətçilərin hamısının keçmişi və bu günü “Vahid Milli Hərəkat”la bağlıdır. Birbaşa biznes reketliyi ilə məşğul olan “Lelo” birliyi də var. Keçmiş Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası da “Vahid Milli Hərəkat”la alyansdadır. Bu, kollektiv cinayətkar siyasi qüvvədir, onu pisləmək lazımdır”, - İrakli Kobaxidze vurğulayıb.

Baş nazir həmçinin bildirib ki, müxalif “Vahid Milli Hərəkat” Partiyasının Konstitusiyaya zidd olduğu tanındıqdan sonra bu birlikdən Gürcüstan parlamentinə seçiləcək deputatlar mandatlarından məhrum ediləcəklər.

“Konstitusiyamıza uyğun olaraq mandatları yalnız Konstitusiya Məhkəməsi ləğv edə bilər. Düşünürəm ki, mandatların ləğvi “Vahid Milli Hərəkat” Partiyasına qoyulan qadağanın məntiqi davamı olardı. Cinayətkar partiyanın nümayəndələrinin Gürcüstan parlamentinin deputatı statusundan istifadə etməsi mümkün deyil. Bu partiyanı Konstitusiyaya zidd kimi tanımaq isə ölkədə siyasətin sağlamlaşdırılması üçün zəruridir”, - Gürcüstan hökumətinin rəhbəri deyib.

Avqustun 20-də Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının yaydığı bəyanatda bildirilir ki, partiyanın oktyabrın 26-da keçiriləcək parlament seçkilrində qalib gələcəyi və qanunverici orqanda konstitusion çoxluğu əldə edəcəyi təqdirdə keçmiş prezident Mixeil Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” partiyasının konstitusiyaya zidd partiya kimi tanınacaq.

Qeyd edək ki, Gürcüstan hökumətinin xarici qüvvələrin təsiri altında fəaliyyət göstərən müxalifətə qarşı sərt siyasəti kollektiv Qərbin təhdidləri ilə üzləşir. Nəticədə ABŞ başda olmaqla bəzi Qərb ölkələri Gürcüstanla bir sıra layihələr üzrə əməkdaşlığı dayandırıblar. Onlar indiki Gürcüstan hökumətinin apardığı daxili və xarici siyasətin ölkənin Qərbə və NATO-ya yolunu bağladığını iddia edirlər.

Lakin bu ittihamlarla razılaşmayan Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakimiyyətin ölkə Konstitusiyasının respublikanın Aİ və NATO-ya üzv olmaq arzusunu təsbit edən 78-ci maddəsini çıxarmaq və ya onu dəyişdirmək fikrində olmadığını açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Gürcüstan   müxalifət   Qərb  





Xəbər lenti