Menendes Baydendən bağışlanmasını istəyir

 Menendes Baydendən bağışlanmasını istəyir
  21 Avqust 2024    Oxunub:1222
Qızıl külçələrin tapılması ilə bağlı istintaq altında olan ABŞ-nin ifrat ermənipərəst senatoru Robert Menendes yenidən senatorluğa namizədlikdən imtina etməsi müqabilində Co Baydendən əfv qoparmaq istəyir.
AzVision.az xəbər verir ki, Amerikanın “The New York Post” (NYP) qəzeti belə məlumat yayıb.

“Bob Menendesin gələcək seçkilərdə iştirakdan çəkinməyin əvəzində əfv qazanmaq üçün cəhdləri və son dəqiqədə istefası onu həbsdən qurtarmağa bəs etməyəcək”, - qəzet “Last Government Watchdog” şəffaflıq və hesabatlılıq qrupunun direktoru Tomas Andersondan sitat gətirir.

Məlumatda bildirilir ki, konqresmen Senatda ildə 174 min dollar maaş aldığı üçün əfvə nail olmaq istəyir. Əgər onun keçmişdə cinayət əməli yoxdursa, o, ildə 140 min dollar məbləğində təqaüd, həmçinin özü və həyat yoldaşı üçün ömürlük səhiyyə xidməti hüququ qazanacaq.

“O, çox güman ki, əfv və ya cəzasının yüngülləşdirilməsinə nail olmağa çalışır. Bob Menendes havayı heç nə etmir. Məncə o, uşaqlarını rüsvayçılıqdan qurtarmaq və hətta həyat yoldaşına kömək etmək üçün senatorluqdan getmək istəyir”, - adının açıqlanmasını istəməyən Nyu-Cersi ştatından bir siyasi xadim bildirib.

Maraqlıdır ki, Rob Menendesin oğlu bu yaxınlarda Konqresdə yer almaq üçün Nyu-Cersi dairəsində Demokratlar Partiyasının praymerizində qalib gəlib. Senatorun qızı Alisiya isə “MSNBC” telekanalında jurnalist işləyir. Bu məqamlar Menedesin fiaskosunun onun övladlarının fəaliyyətinə neqativ təsir göstərmədiyini sübuta yetirir.

Senata növbəti seçkilər kampaniyasına müstəqil namizəd kimi qatılmağı planlaşdıran Robert Menendes keçən həftə Demokratların digər namizədi Endi Kimə yol açaraq seçki yarışından çıxdı. Bəzi mənbələrin fikrincə, seçkidən geri çəkilmək çox güman ki, senatorun son güclü kartıdır. Çünki onun yarışda qalacağı halda səslər bölünəcək və respublikaçı namizəd Kertis Beşou qalib gələcəkdi.

Keçən ay Menendes üç iş adamının varlanması və müdafiəsi, habelə Misir və Qətər hökumətlərininin qazanc götürməsi üçün Senatdakı vəzifəsindən istifadə müqabilində nağd pul və qızıl aldığına görə 16 rüşvət və korrupsiya ittihamı üzrə Manhetten federal məhkəməsi tərəfindən mühakimə olunub. O, göstərdiyi “lütfkarlıq” müqabilində yüz minlərlə dollar nağd pul, qızıl külçələr və kabriolet “Mersedes” almaqda günahlandırılır.

Menendesin erməni əsilli həyat yoldaşı Nadine Arslanyan da korrupsiya və rüşvətxorluqda ittiham olunsa da, xərçəngdən müalicə aldığı üçün onun məhkəməsi qeyri-müəyyən müddətə təxirə salınıb.

Robert Menendes əvvəlcə onun işi üzrə oktyabrın 29-da çıxarılacaq yekun məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini bildirsə də, indi əfv almaq üçün hətta siyasətdən getməyə hazır olduğu barədə hökumətə mesajlar ötürür.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Menedes   Bayden   əfv  





Xəbər lenti