Avropaya giriş rəqəmsallaşdırılır

   Avropaya giriş rəqəmsallaşdırılır
  20 Avqust 2024    Oxunub:1400
Noyabrın 10-dan etibarən Avropa İttifaqının yeni giriş-çıxış sistemi işə salınacaq.
Bu barədə Avropa Komissiyasının daxili işlər komissarı İlva Yohansson məlumat verib.

"Qanuna əsasən, komissiya rəsmi qərarı təsdiqləməzdən qabaq müxtəlif mərhələlərdən keçməlidir. Hazırda axırıncı sınaq mərhələsindəyik. Qürurla deyə bilərəm ki, sistem 10 noyabrda qüvvəyə minəcək", - xanım komissar diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu dəyişiklik hər il ərzində Avropaya gələn təqribən 700 milyon turistə təsir göstərəcək. Layihə, eyni zamanda, 450 milyon avropalı üçün "daha ​​çox təhlükəsizlik" təminatıdır.

(Avropa Komissiyasının daxili işlər komissarı İlva Yohansson)

Məlumata görə, yeni giriş-çıxış sistemi xarici pasportların yoxlanılmasını avtomatlaşdıracaq. Qeyri-Avropa İttifaqı vətəndaşlarının müvafiq məlumatları "Şengen" sərhədlərində rəqəmsal şəkildə qeydə alınacaq. Pasportun növü, biometrik məlumatlar (barmaq izi, üz skanı), giriş və çıxış tarixi, yeri kimi şəxsi məlumatlar sistemdə 3 il saxlanılacaq.

Yeni sistemin tətbiqi "sərhəd təhlükəsizliyini gücləndirmək, qanunsuz miqrasiyanın qarşısını almaq, habelə qaydaları pozan, saxta sənədlərlə Aİ-yə girməyə çalışan şəxsləri müəyyənləşdirmək" məqsədi daşıyır.


Firudin Həmidli
AzVision.az


Teqlər: Avropa   sərhəd  





Xəbər lenti