Moskva Ukrayna cəbhəsinə minlərlə əcnəbi göndərib

   Moskva Ukrayna cəbhəsinə minlərlə əcnəbi göndərib
  13 Avqust 2024    Oxunub:952
Rusiya Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunda çoxsaylı əcnəbilərin iştirak etdiyini bildirir. Amma Moskvanın özünün də Ukrayna cəbhəsinə minlərlə muzdlu əcnəbi göndərdiyi barədə iddialar sələndirilir.
Rusiyanın Müqavilə Xidməti üzrə Vahid seçim məntəqəsinin sənədlərinə istinad edən “Verstka” nəşrinin məlumatına görə, son bir ildə Moskva rəhbərliyi Ukraynada döyüşmək üçün 26 mindən çox insanı cəlb edib ki, onların da 10%-i başqa ölkələrin vətəndaşlarıdır.

“Orada çinlilər, serblər, braziliyalılar və misirlilər var, lakin təbii ki, əksəriyyəti Özbəkistan və Tacikistan vətəndaşlarıdır. Moskvanın cəbhəyə verdiyi bütün müqaviləli əsgərlərin təxminən 70%-i digər bölgələrdən olan ruslardır. Moskvalılar və Moskva vilayətinin sakinləri seçim məntəqəsindən keçən bütün yeni müqaviləli əsgərlərin 20%-dən azını təşkil edir. İdeoloji səbəblərdən yalnız tək-tük adamlar müharibəyə gedir. Bu və ya digər şəkildə, maliyyə bütün bu məsələnin vacib hissəsidir”, - Moskva meriyasından olan mənbə nəşrə bildirib.

Müqavilə Xidməti üzrə Vahid seçim məntəqəsinin açıqlamasına görə, 2023-cü il yayın ortalarından bu ilin avqust ayının əvvəlinə qədər Rusiyanın Müdafiə nazirliyi ilə müqavilələrə maraq azalıb. Belə ki, 2023-cü ilin avqustunda 3 mindən artıq, 2024-cü ilin iyununda isə 1 mindən bir qədər çox insan müharibədə iştirak etməyə razılıq verib.

Bununla belə, Moskva meri Sergey Sobyanin avqustun 1-dən müqavilə üzrə ödənişi 1,9 milyon rubla qədər artırmaq barədə qərar verib ki, bu da müharibəyə getmək istəyənlərin sayını üç dəfə çoxaldıb.

Moskva meriyasındakı mənbənin dediyinə görə, müqavilə əsasında xidmət üçün bütün namizədlər qarşısında bir sıra tələblər qoyulur. Onlar, həmçinin “ekstremizm testindən” keçməlidirlər. Bununla belə, seçim məntəqəsindəki heyət hamını qəbul etməyə köklənib. Lakin onların işə yarayıb-yaramadığına hərbi hissələrdə qərar veriləcək.

Müqavilə bağlamaq istəyən hər kəs büdcə qurumlarının: Moslift, Mosqaz, Mosvodokanal, Mosmetro və Moskva magistrallarının işçiləri adı altında müharibəyə göndərilir. Bu, bütün büdcə təşkilatlarında müqavilə əsasında işə qəbul kvotalarının olması ilə bağlıdır.

Müqavilənin rəsmiləşdirilməsi cəmi bir gün çəkir: əvvəlcə onu seçmək üçün sorğu vərəqi və ərizə dolduran şəxs dövlət büdcəli qurumlardan biri ilə müqavilə imzaladıqdan sonra, tibbi müayinədən keçərək Müdafiə nazirliyinin Moskva vilayətində yerləşən “Avanqard” təlim-metodika mərkəzinə yola düşür. Bir neçə gündən sonra könüllülər hərbi hissələrə göndərilir.

Seçim məntəqəsində “Verstka” nəşrinin müxbirinə müqavilənin formal olaraq bir il müddətinə bağlandığını, amma əslində onun müharibənin sonuna qədər qüvvədə qalacağını bildiriblər. Məntəqə əməkdaşlarından biri müqavilə əsasında müharibəyə gedənlərdən indiyədək heç birinin buraxılmadığını deyib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Moskva   Ukrayna   əcnəbilər  





Xəbər lenti