BANM Özbəkistana ali təhsil proqramlarının ödənişli əsasda ixracına başlayır

BANM Özbəkistana ali təhsil proqramlarının ödənişli əsasda ixracına başlayır
  08 Avqust 2024    Oxunub:953


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva Özbəkistan səfəri çərçivəsində Buxara Mühəndislik - Texnoloji İnstitutunun rektoru Sədaqət Siddikova ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan və Özbəkistan arasında bütün istiqamətlərdə, o cümlədən təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib. Görüş çərçivəsində, iki ölkənin ali təhsil müəssisələri arasında ikili diplom proqramı layihələrinin reallaşdırılması istiqamətində görülən işlərdən danışılıb, proqramla bağlı müvafiq qərarın Azərbaycan və Özbəkistan hökumətlərarası komissiyasının 18 iyul 2023-cü il tarixində Şuşa şəhərində keçirilən 12-ci iclası zamanı verildiyi və həmin tarixdə SOCAR və “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında kadr hazırlığı üzrə imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulduğu qeyd olunub.



Görüşdə, həmçinin, SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutu və Buxara Mühəndislik-Texnoloji İnstitutu ilə analoji layihələrə başladığı, sözügedən əməkdaşlıqların Azərbaycan ali təhsil sistemində bir ilk olduğu və ölkəmizin ali təhsil proqramlarının xarici ölkəyə ödənişli əsasda ixracına xidmət edəcəyi diqqətə çatdırılıb.

Bu xüsusda, BANM ilə Buxara Mühəndislik-Texnoloji İnstitutu arasında Kimya mühəndisliyi ixtisası üzrə magistratura pilləsində ödənişli ikili diplom proqramı ilə bağlı müqavilənin imzalanmasından məmnunluq ifadə edilib. Sənədə əsasən, təhsilin birinci ilində Buxara Mühəndislik-Texnoloji İnstitutunda, ikinci ilində BANM-də oxuyacaq tələbələrin diplom müdafiəsi BANM tərəfindən həyata keçiriləcək, yekunda onlar hər iki ali təhsil ocağının diplomunu əldə edəcəklər.



Qeyd edək ki, birgə həyata keçirilən layihələr və qarşılıqlı təcrübə mübadiləsi hər iki ölkədə rəqabətli insan kapitalının, habelə təhsil və elmi-tədqiqat sahələrinin inkişafına dəyərli töhfələr verəcəkdir.





AzVision.az




Teqlər:





Xəbər lenti