BMT İsrailə hücumla bağlı bəyanat yayıb

   BMT İsrailə hücumla bağlı bəyanat yayıb
  06 Avqust 2024    Oxunub:1215
BMT Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) ən azı doqquz üzvünün 7 oktyabr 2023-cü ildə İsrailin cənubuna hücumda əli ola biləcəyini etiraf edib.
“Azadlıq Radiosu”nun yaydığı məlumata görə, aparılan araşdırmanın nəticələrinə əsasən bu barədə açıqlama verən BMT-nin nümayəndəsi Fərxan Hak həmin əməkdaşların işdən çıxarılacağını bildirib.

BMT-nin daxili araşdırması Qəzza zolağında faktiki olaraq bütün humanitar və sosial funksiyaları yerinə yetirən agentliyin 19 əməkdaşına şamil edilib. İşdən çıxarılacaq doqquz əməkdaşın hücumda iştirakına dair kifayət qədər sübutların olduğu aşkarlanıb. Digər doqquz agentlik işçisinə münsibətdə belə dəlillər nəticə çıxarmaq üçün kifayət etməyib, bir nəfərin isə hücumda iştirakı barədə heç bir sübut tapılmayıb.

Təl-Əviv əvvəllər dəfələrlə bəyan edib ki, UNRWA 2023-cü il oktyabrın 7-də İsrailə hücum edərək, uşaqlar, qadınlar və qocalar da daxil olmaqla 1200-ə yaxın mülki şəxsi qətlə yetirmiş, 250-dən çox insanı girov götürmüş Qəzza zolağındakı hakim “HƏMAS” qruplaşması ilə sıx bağlıdır. İsrail rəsmilərinin iddiasına görə, Qəzza zolağında “HƏMAS”-la əlaqəli UNRWA əməkdaşlarının sayı yüzlərlə ola bilər. UNRWA bu rəqəmləri təkzib etsə də, araşdırma aparacağı barədə vəd verib.

Xatırladaq ki, Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) 1949-cu ildə təsis edilib. Qurum Suriya, Livan, Qəzza zolağı və İordan çayının qərb sahilindəki İsrail ərazilərindən olan fələstinli qaçqınlara kömək edir. UNRWA-nın öhdəliklərinə təhsil, səhiyyə və sosial xidmətlərin göstərilməsi daxildir. ABŞ bu qurumun ən böyük maliyyə donorlarından biridir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: BMT   İsrail   UNRWA  





Xəbər lenti