Vaqif Poeziya Günləri başlayıb

Vaqif Poeziya Günləri başlayıb
  18 İyul 2024    Oxunub:1713
Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə Vaqif Poeziya Günlərinin açılışı olub.
Vaqif Poeziya Günləri Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Açılış mərasimində dövlət və hökumət rəsmiləri, respublikanın tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvləri, gənc yazıçılar, şairlər, eləcə də ilk dəfə olaraq yerli sakinlər iştirak ediblər.

Açılış mərasimində Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Şuşada belə bir möhtəşəm tədbirdə iştirakdan məmnun olduğunu söyləyib. Bildirib ki, builki Vaqif Poeziya Günləri bir çox mühüm əlamətdar hadisələrlə üst-üstə düşür: “İlk olaraq onu qeyd edim ki, builki tədbir Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildikdən və Qarabağ savaşında yekun Qələbə qazanılandan sonra keçirilən ilk poeziya bayramıdır. Bundan əlavə, Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunub. Bu il, həmçinin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530, Azərbaycan Yazıçılar Birliyinin isə 90 illik yubileyləri qeyd olunur. Builki şeir bayramında AYB-nin 100-dən çox üzvü iştirak edir”.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Molla Pənah Vaqifin yaradıcılığından söz açıb. Qeyd edib ki, Vaqif Azərbaycan ədəbiyyatında ədəbi məktəb yaradan şairlərdəndir. Bu, hər qələm adamına nəsib olan xoşbəxtlik deyil. Həmçinin onu özündən əvvəlkilərdən fərqləndirən əsas cəhətlərdən biri də ilk dəfə olaraq Azərbaycan coğrafiyasını açıq və geniş şəkildə ədəbiyyatımıza gətirməsidir. Onun yaradıcılığı hər şeydən əvvəl azərbaycançılıq hadisəsidir. Hesab edirik ki, sovet hökumətinin məkrli şəkildə Qarabağda beynəlmiləlçilik hərəkatını, siyasətini həyata keçirdiyi bir zamanda Ümummilli Lider, görkəmli dövlət xadimi Heydər Əliyevin Şuşada Vaqifə belə bir əzəmətli məqbərə ucaltması Qarabağa Azərbaycanın möhürünü vurması demək idi. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş Şuşada Vaqifin məqbərəsinin yenidən bütün əzəməti ilə bərpa edilməsi mühüm əhəmiyyətə malikdir. Yenidən təşkil olunan Vaqif Poeziya Günləri Prezident İlham Əliyevin liderliyi ilə günü-günündən gözəlləşən Azərbaycanın şeir-sənət dili ilə ifadə olunan böyük təntənəsidir. Mən bu gözəl tədbirə görə Vaqif Poeziya Günlərinin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm”.

Xalq yazıçısı Elmira Axundova Ulu Öndər Heydər Əliyevin hər zaman Azərbaycan dilinə, ədəbiyyatına sonsuz sevgisindən, qayğısından danışıb. Bildirib ki, hələ sovet dövrünün ən çətin vaxtlarında Heydər Əliyev milli düşüncənin, azərbaycançılıq ideyasının yaşamasına, inkişafına təkan verib. Bu düşüncəni yaşadan, gələcək nəsillərə çatdıran əsərlərə Dövlət Mükafatının verilməsinə nail olub.

Vaqif Poeziya Günlərində ilk dəfə iştirak etdiyini söyləyən Xalq yazıçısı bundan böyük xoşbəxtlik duyduğunu söyləyib, bu günləri bizə yaşadan Ali Baş Komandanımıza, qəhrəman Ordumuza minnətdarlığını çatdırıb.

VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa söyləyib ki, bu gözəl məkanda bəlkə də ilk xatırladığımız 1980-ci illərə aid rəsmdir: “O rəsmin mənası fərqli cür yozula bilər. Amma rəsmdə Ümummilli Lider Heydər Əliyevin çiyninə yağan o gözəl qar bir xeyir-dua verirdi ki, Vaqifin məqbərəsi açılır. Amma illər keçəndən sonra o gözəl qarın ardınca bir qar uçqunu gəldi. Bu məqbərə də daxil olmaqla bütün Şuşa bu uçqunun altında qaldı. Otuz ilə yaxın biz Şuşanı o uçqunun altından təmizləyə bilmədik. Bu bizə həm də onu göstərdi ki, qazandığımız dəyərləri nə vaxtsa itirmək riskini göz önünə almalıyıq. Ona görə də elə bir möhkəm zəmin yaratmalıyıq ki, o uçqun təmizlənəndə altından o dəyərləri yenidən canlandıra bilək. Ali Baş Komandan İlham Əliyevin böyük təşkilatçılıq qabiliyyəti, Azərbaycan Ordusunun böyük rəşadəti ilə torpaqlarımız işğaldan azad olundu. Azad olunandan sonra o uçqunun altından çıxan bu mavzoley, burada yaşamış böyük şəxsiyyətlərin ruhları oldu. Bu gün Şuşa Azərbaycanın rəmzinə çevrilən bir məkan olaraq yenidən öz gücünü möhkəmləndirir”.

Daha sonra çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid, AYB-nin katibi, şair-tərcüməçi Səlim Babullaoğlu və AYB-nin Qazax bölməsinin sədri Barat Vüsal Şuşanın füsunkarlığı, qeyri-adi təbiəti, bənzərsizliyi, beynəlxalq tədbirlərin ünvanına çevrilməsindən danışaraq, şeirlərini söyləyiblər. Bədii hissədə Əməkdar artistlər Azad Şükürov və Nazir Rüstəmovun ifasında Məhəmməd Füzuli və Molla Pənah Vaqifin poetik dueti təqdim edilib.

Əməkdar artist Nigar Şabanova, solistlər Abgül Mirzəliyev, İlkin Dövlətov və Leyla Rəhimli konsert proqramı ilə çıxış ediblər. Proqramda “Qarabağ kompozisiyası”, “Şuşanın dağları” və “Bura Vətəndir” musiqi əsərləri səsləndirilib.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti