Ermənsitanı Avropa İttifaqında gözləyən varmı?

   Ermənsitanı Avropa İttifaqında    gözləyən varmı?
  02 İyul 2024    Oxunub:715
Özünün ənənəvi himayədarı olan Moskvaya dönük çıxan İrəvan sərt Qərb-Rusiya qarşıdurması fonunda getdikcə daha birmənalı şəkildə Avropa İttifaqına (Aİ) inteqrasiya istəyini ortaya qoyur. Təsadüfi deyil ki, Ermənistan parlamentinin sədri Alen Simonyan Avropaya bu müstəvidə ölkədə referendum keçirilə biləcəyini açıqlayıb.
Bir müddət əvvəl parlamentdə təmsil olunmayan bir neçə partiyanın yaratdığı “Demokratik qüvvələrin platforması” hərəkatı Aİ-yə üzvlüklə bağlı yaxın 3-4 ayda Ermənistanda referendumun keçirilməsi tələbi ilə çıxış edib.

Əslində Avropaya inteqrasiya mövzusu iyunun sonlarında Xorvatiyanın Dubrovnik şəhərində keçirilən forum çərçivəsində Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın Aİ-nin Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Josep Borrellə görüşündə də əsas mövzulardan biri olub.


Onlar Ermənistanla Brüssel arasında əməkdaşlığın dərinləşdirilməsi, habelə viza rejiminin liberallaşdırılması və digər məsələlər müzakirələr aparıblar. Mirzoyan Aİ-yə üzvlük məsələsinin hazırda Ermənistanda ən çox müzakirə edilən mövzulardan biri olduğunu deyib.

Referenduma ehtiyac yoxdur?

Belə idillik xülyalardan daha da ruhlanan Ermənistanın baş naziri Nikol Paşinyan isə Avropaya inteqrasiya üçün xüsusi referendum keçirməyə heç ehtiyac olmadığını bildirib. Onun fikrincə, ölkə əhalisi arasında bu məsələ ilə bağlı ciddi fikir ayrılığı olmadığına görə, referendum keçirmək zərurəti ortadan qalxır.

“Xalqın fikrini öyrənmək üçün referendum keçirmək? Bağışlayın, amma mən bir məmur kimi xalqımın fikrini bilirəm. Aİ-nin mümkün hesab etdiyi qədər Ermənistan Avropaya yaxın olmağa hazırdır. Ermənistan xalqının bu ideyanı bölüşmədiyinin düşünsəydim, mən belə bəyanat verməzdim. Əgər referendum keçirilsə, təbliğat aparmalıyıq. Belə olan halda insanlar bizə sual verəcəklər: necə, nə vaxt, Aİ bunu istəyir, ya yox? İnsanlar Aİ-nin bizi qəbul etməyə hazır olub-olmadığını soruşacaqlar. Bu suala cavab verə bilmərəm. Çünki ən azı seçkinin nəticələrinin yaratdığı suallarla bağlı Aİ-nin daxilində də proseslər gedir. Biz isə siyasi iradəmizi ən yüksək səviyyədə bəyan etmişik”, - Paşinyan “Erməni Demokratik Forumu”nun Aİ ölkələrinin və ABŞ-nin səfirlərinin iştirakı ilə keçirilən iclasında təəccübünü gizlətməyib.

“Azadlıq” radiosunun Avropa məsələləri üzrə eksperti Rikard Yozvyakın sözlərinə görə, Ermənistanın siyasi elitasının gözləntiləri baxımından, Avropa İttifaqının yeni rəhbərləri İrəvanın ümid edə biləcəyi ən yaxşı heyətdir.

Xatırladaq ki, bir neçə gün əvvəl Aİ-nin sammitində Portuqaliyanın keçmiş baş naziri Antonio Kosta Avropa Şurasının prezidenti, Estoniyanın baş naziri Kaya Kallas Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə Ali nümayəndə seçilib. Ursula fon der Lyayen isə Avropa Komissiyasının sədri vəzifəsində qalıb.

Maneələr və Brüsselin İrəvandan gözləntiləri

Amma Rikard Yozvyak Ermənistanın arzularının gerçəkləşməsini əngəlləyə biləcək maneələrə də diqqət çəkib.

- Genişlənmə ilə bağlı qərar bütün Aİ-yə üzv dövlətlərin milli paytaxtlarında qəbul edilir. Düşünürəm ki, Aİ-nin genişlənməsi indi o qədər də populyar olmaya bilər. Mən, məsələn, yeni genişlənməyə çox şübhə ilə yanaşan Hollandiyanın yeni hökumətindən danışıram. Le Pen qalib olmasa belə (Marin Le Penin partiyası parlament seçkilərində birinci turda birinci yeri tutub - red. ) parlamentdə onun çoxlu sayda mandat ala biləcəyi Fransanı nəzərdə tuturam. Onlar isə genişlənməni xüsusilə bəyənmirlər. Ona görə də məni daha çox ayrı-ayrı üzv ölkələr və onların daha çox dövləti Birliyə qəbul etmək istəməməsi, həmçinin Ermənistanın üzvlüyünə gələcəkdə veto qoyulması ehtimalı narahat edir. Məncə, bu insanların Brüsseldə olması yaxşı haldır. Amma müxtəlif paytaxtlarda Avropa ekspansiyasını alqışlayan ermənipərəst insanların da olması lazımdır”, - avropalı ekspert deyib.


Bununla belə, Yozvyak Ermənistanın Aİ-yə üzvlük üçün namizəd statusu almaq şansının olduğunu iddia edir. Bunun üçün Brüssel İrəvandan Rusiyanın nüfuz orbitini tərk etmək üçün konkret addımlar atmasını gözləyir. Ekspert bununla bağlı tez-tez Aİ-dən və Brüsseldən İrəvana ünvanlanan müraciətlər eşitdiyini bildirib.

“Bəli, amma biz sizin Rusiyanın orbitini tərk etməyiniz üçün konkret addımlar görmək istəyirik. Bu isə KTMT-dən, Gömrük İttifaqından çıxmaq deməkdir. Aİ-nin rəhbərləri, həqiqətən də, İrəvanın Rusiyaya münasibətdə bu addımları atmağa hazır olduğuna inanmırlar. Çünki onlar hələ də müəyyən mənada 2013-cü ildə baş verənlərin təsiri altında yaşayırlar. Onda Ermənistan Aİ ilə Assosiasiya Sazişi imzalamalı olduğu halda son anda geri çəkildi. Buna görə də, danışmazdan əvvəl Ermənistan hərəkətə keçməlidir. İrəvanın Qərbyönümlü kursunu tam qəbul etməyə hazırlaşmazdan əvvəl görmək istədikləri də məhz budur”, - ekspert vurğulayıb.

Lakin Rikard Yozvyak əmindir ki, Ermənistan KTMT-ni tez-tez tənqid etsə də, əslində blokdan çıxmağa tələsmir, Avrasiya İqtisadi İttifaqını tərk etmək barədə isə düşünmür.
Çünki məhz bu ittifaqa üzvlük sayəsində İrəvan son illərdə Rusiya ilə ticarət əlaqələrini xeyli genişləndirərək iqtisadi göstəricilərini yaxşılaşdırıb.

Ümumiyyətlə, iqtisadi cəhətdən tamamilə Rusiyadan asılı olan Ermənistan öz iqtisadiyyatını və xarici ticarət əlaqələrini şaxələndirmədən Avrasiya İqtisadi İttifaqından çıxmasının hansı fəsadlar törədə biləcəyini yaxşı anlayır. Azərbaycanla sülhün olmadığı və Türkiyə ilə münasibətlərin tənzimlənmədiyi bir şəraitdə İrəvanın bunun üçün imkanları son dərəcə məhduddur.

Rusiyanın İrəvana xəbərdarlıqları intensivləşib

Sözsüz ki, İrəvanın Qərblə apardığı oyunları diqqətlə izləyən Moskva da indiki şəraitdə Ermənistanın iqtisadi cəhətdən çıxış yolu olmadığına əmindir. Buna görə də, Kreml vaxtaşırı Ermənistan hakimiyyətinin avrointeqrasiya ambisiyalarının “təhlükəli nəticələri” barədə xəbərdarlıqlar səsləndirsə də də, Paşinyan hökumətinin xülyalarını dibindən kəsmək üçün hələ qəti addımlar atmağa tələsmir.


Uzun müddət yumşaq ermənipərəst mövqeyi ilə seçilən Moskva Dövlət Beynəlxalq Münasibətlər institutunun (MDBMİ) aparıcı elmi işçisi Sergey Markedonov Ermənistanın tamamilə Qərbə tərəf dönəcəyinə böyük şübhə ilə yasnaşır. Onun sözlərinə görə, bu təşəbbüs çox güman ki, baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” partiyasındakı tərəfdaşlarından gəlir, baş nazir isə özü üçün manevr imkanını qoruyub saxlamağa çalışır.

“Məsələ ondadır ki, bu manevr məkanı hər gün daralır. Həm Rusiya, həm də Qərb İrəvandan tezliklə və yekun seçim gözləyir”, - Markedonov deyib.

MDBMİ-nin Beynəlxalq Tədqiqatlar institutunun aparıcı elmi işçisi Nikolay Silayev isə Qərbin Cənubi Qafqazda öz təsirini genişləndirmək cəhdlərinin böyük perspektivini görmədiyini vurğulayıb.

- ABŞ və Avropa İttifaqının bunun üçün hərbi və iqtisadi resursları çox azdır. Rusiya, Türkiyə və İranın regional oyunçulara təklif edəcəyi çox şey var. Birləşmiş Ştatlar hətta Ukraynaya da effektiv təhlükəsizlik təminatları təklif edə bilmir, Ermənistana isə onlar xüsusilə heç nə vəd etməyəcəklər”, - Silayev bildirb.

Onun dediyinə görə, Qərb Cənubi Qafqazda fəaliyyətini inkişaf etdirməklə yalnız Rusiyanın regiondakı nüfuzunu sarsıtmağa çalışır. Ancaq Qərb Rusiyanı burada əvəz edə bilməyəcək.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Ermənistan  





Xəbər lenti