Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunur

   Azərbaycan Milli Kitabxanası CENL-in növbəti illik iclasında təmsil olunur
  17 İyun 2024    Oxunub:1555
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov Polşa Milli Kitabxanasının ev sahibliyi etdiyi 38-ci CENL illik iclasında iştirak edir. CENL Avropanın 46 ölkəsindən milli kitabxanaların üzv olduğu bir təşkilatdır
AzVision.az xəbər verir ki, Varşavada keçirilən konfransın açılış mərasimində CENL-in sədri Frank Şoltse, Polşa Milli Kitabxanasının baş direktoru Tomas Makovski çıxış ediblər.

İclasın ilk günü CENL-in 2023-cü ildə Fransanın paytaxtı Parisdə keçirilmiş 37-ci illik iclasının protokolu və illik hesabatı müzakirə edilib. Təşkilatın maliyyə hesabatı və növbəti il üçün büdcəsi də müzakirə edilib, səsverməyə qoyularaq qəbul olunub.

Sonra Finlandiya Təhsil və Mədəniyyət Nazirliyindən Minna Karvonen “Rəqəmsal mədəni irs zamanları, ideyaları və insanları birləşdirir” mövzusunda təqdimatla çıxış edib.

CENL üzvlərindən Fransa, Almaniya, Serbiya, İspaniya, Belçika, Lüksemburq, Estoniya Milli kitabxanalarinin rəhbərləri CENL-ə üzv kitabxanalarda elektron qanuni depozitin statusu haqqında təqdimat ediblər.

Daha sonra CENL-ə üzv kitabxanalarda elektron qanuni depozitin vəziyyəti, qanunvericilik, tələblər, təcrübələr haqqında danışılıb, müzakirələr aparılıb.

Konfrans iyunun 18-də davam edəcək.

Elnur Məmmədov

AzVision.az



Teqlər:





Xəbər lenti