Sudan diri çıxaranlar - Xilasetmə məntəqələri necə işləyəcək ?

  Sudan diri çıxaranlar  - Xilasetmə məntəqələri necə işləyəcək ?
  14 İyun 2024    Oxunub:1394
Yayın gəlişi ilə dənizdə batma hallarının baş verməsi yenidən gündəmə gəlib. Baxmayaraq ki, havalar təzə isinib artıq suda boğulan şəxslərlə bağlı məlumatları oxuyuruq. Təəssüf ki, bu il də belə faciəvi hadisələrdən sığortalanmamışıq.

Belə bir məqamda ağıla ilk olaraq xilasediclərin köməyi gəlir. Maraqlıdır, hazırda Xəzər dənizində xilasetmə məntəqəsi fəaliyyət göstərirmi?
Məsələ ilə bağlı AzVision.az-a danışan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Aqşin Əlili bildirib ki, ölkə ərazisində ümumilikdə 37 xilasetmə məntəqəsi fəaliyyət göstərir.

Onun sözlərinə görə, çimərlik mövsümünə hazırlıqla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aidiyyəti zəruri təhlükəsizlik tədbirləri görülür:

"Belə ki, aprel ayından etibarən rayon icra hakimiyyətlərinin məsul əməkdaşlarının iştirakı ilə sahilboyu ərazilərdə monitorinqlər aparılıb. Monitorinqlərin keçirilməsində əsas məqsəd təhlükəli və istifadəyə yararsız çimərlik ərazilərinin müəyyən edilməsidir. Həmçinin, monitorinqlər zamanı, çimərlik operatorlarına təhlükəsizlik qaydaları haqqında bildirişlər təqdim edilib.

Monitorinqlərin nəticəsi ilə bağlı yerli icra hakimiyyətlərində müşavirələr keçirilib və təhlükəli, istifadəyə yararsız çimərliklərdən əhalinin istifadə etməməsi üçün müvafiq tədbirlərin görülməsinə dair müzakirələr aparılıb".

FHN rəsmisi onu da vurğulayıb ki, xidmətin nəzarət etdiyi çimərliklərdə və İDEA ictimai birliyi tərəfindən Bakı şəhərinin Qaradağ, Səbail, Xəzər, Sabunçu və Binəqədi rayonlarında yaradılmış 6 ictimai çimərlikdə dalğıclar vasitəsilə sualtı müayinələr aparılıb, təmizləmə işləri görülüb:

"Dənizdə üzmə sərhədlərini müəyyən edən nişanlar və çimərliklərdə maarifləndirici lövhələr quraşdırılıb.

Eyni zamanda Xidmətin balansında olan xilasetmə texnika və vasitələr, həmçinin dalğıc-xilasetmə əməliyyatlarının icrası üçün nəzərdə tutulmuş avadanlıqlar işlək vəziyyətə gətirilib. İyun ayının 15-dən etibarən Xidmət suda boğulma hallarının qarşısını almaq məqsədi ilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək".



A.Əlilinin sözlərinə görə, Fövqaladə Hallar Nazirliyinin təqdim etdiyi statistik məlumatlara əsasən hər il çimərliklərdə yüzlərlə insan xilas edilir və xidmətin nəzarət etdiyi ərazilərdə ölümlə nəticələnən suda boğulma hadisəsi qeydə alınmayıb:

"Bəzən çimmək üçün nəzərdə tutulmayan kanallar, arxlar, çaylar, göl və digər su hövzələrində azyaşlıların üzməsi halları müşahidə edilir.

Sadaladıqlarımız təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olduğu üçün yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır".

Müsahibimizin sözlərinə görə, suda boğulmalara küləkli, dalğalı hava şəraiti, sualtı yad cisimlərin (daş, qaya parçaları, dəmir-beton qalıqları) insanları zədələməsi, sualtı yarğanlar, çuxurlar, burulğanlar, axınlar, qəfləti dərinlik və panika (təşviş) səbəb olur.

Şöbə rəisi onu da qeyd edib ki, ötən il Xidmətin xilasediciləri tərəfindən suda boğulan 210 nəfər xilas edilib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti