Sabah muzeylərdə "açıq qapı" günüdür - VİDEO

   Sabah muzeylərdə "açıq qapı" günüdür -  VİDEO
  17 May 2024    Oxunub:1737
Sabah 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə muzeylərdə "Açıq qapı" günü olacaq.
Mədəniyyət Nazirliyindən AzVision.az -a verilən xəbərə görə, bu əlamətdar gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmiş və məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.

Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş əlamətdar gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü "Muzeylərdə təhsil və tədqiqat" mövzusuna həsr olunub.

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar insanların asudə vaxtının səmərəli təşkili, onların muzey müəssisələri vasitəsilə Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə "açıq qapı" günü elan olunur. Beləliklə, vətəndaşlar və ölkəmizin qonaqları 18 may tarixində muzeyləri ödənişsiz ziyarət etmək imkanı əldə edəcəklər.

Builki əlamətdar gün münasibətilə “Bir muzeyin sirri” adlı layihə həyata keçirilir. Layihənin məqsədi gənc nəslin maariflənməsində müstəsna əhəmiyyəti olan muzeylərin təbliği, o cümlədən "YouTube" və digər sosial şəbəkə platformaları vasitəsilə daha geniş auditoriyanın mədəni irsimiz barədə məlumatlandırılmasıdır.

Layihə çərçivəsində tanınmış simaların təqdimatı ilə videoçarxlar hazırlanaraq Bakı şəhərində fəaliyyət göstərən muzeylərin "Youtube" və başqa sosial şəbəkə hesablarında paylaşılır. Videoçarxlarda xalqımızın çoxəsrlik tarixi-mədəni və ədəbi mirasının qorunub gələcək nəsillərə çatdırıldığı muzeylərin əhəmiyyəti vurğulanır, bu mədəniyyət ocaqlarının ziyarəti təşviq olunur.

AzVision.az


Teqlər: muzey   Muzeylər-Günü  





Xəbər lenti