Ayların sürüşkən `sultanı`

Ayların sürüşkən `sultanı`
  02 İyul 2014    Oxunub:2636
Vüsal Məmmədov

Mənim nənəm Şeyda arvad savadsız, necə deyərlər, türkəçarə bir qadın olub. O dərəcədə ki, təqvim-filan da bilmirdi. Atamı dünyaya gətirəndən bir müddət sonra sənədini almağa gediblər. Soruşanda ki, uşağın doğum günü nə vaxtdır, nənəm deyib ki, “Nə bilim e, yadımdadır ki, tut təzəcə yetişmişdi”.


Bunu niyə danışdım? Ona görə ki, mənim atamın dünyaya gəldiyi günün dəqiq təbii oriyentiri var: yayın əvvəli, tut yetişən dövr. Atamın ad günü Qriqorian yox, Hicri təqvimilə qeydə alınsaydı, məsələn, Rəcəb ayının 16-da olsaydı, hər dəfə ilin müxtəlif fəslinə düşəcəkdi. Bəzən yayın cırhacırına, bəzən isə qışın şaxtasına. Halbuki bu, anormallıqdır: yayda dünyaya gələn adamın doğum gününü hansı məntiqlə qışda keçirmək olar?!

Niyə müsəlman aylarında belə olur? Çünki İslam dünyasında işlədilən Hicri təqvimində bir il 354 gündən ibarətdir. Halbuki, ildə obyektiv olaraq 365 gün var. Bu, kiminsə kefinə görə belə olmayıb, Yer Kürəsi Günəşin ətrafında tam dövrəni 365 gündə başa vurur. Müsəlman təqviminə görə il qurtarır, amma Yerin Günəş ətrafında dövrəsinin tamamlanmasına hələ 11 gün qalır. Təbii və real il başa çatmamış təqvim ili başa çatır. Ona görə də fəsillər bir-birinə qarışır. Tutun yetişməsinin dəqiq vaxtı olmur, gah Ramazanda yetişir, gah Şəvvalda, gah Cəmadiəlaxırda... Burada bir məqam xüsusi vurğulanmalıdır: tut həmişə eyni vaxtda yetişir, sürüşən təqvimdir.

Bəri başdan deyim ki, burada heç bir hikmət-zad yoxdur, elementar cahillik və savadsızlıq var. Hicri təqvimi yaranandan insanlar Yerin Günəş ətrafında hərəkət etdiyini və 365 günə tam dövrə vurduğunu bilmirdilər. Sonradan bu bilinəndə təqvim islahatı aparılmalı idi. Avropada 1582-ci ildə Papa XIII Qriqori bunu etdi. Müsəlman aləmində isə hər şey ehkamlara bağlı olduğundan heç kim başından bezmədiyi üçün belə təklifi ağlına da gətirmir. Nəticədə İslam aləmində bir il hələ də 354 gündür. Nəyə görəsə “bütün elmlərin olduğu Quranda” da bu haqda heç bir bilgi verilməyib.

Bütün bunların Ramazan ayı ilə birbaşa bağlılığı var. Ramazan ona görə müqəddəs ay sayılır ki, İslama görə, Quran bu ayda “enib”. Həmin gecə Qədr gecəsidir və Ramazan ayının son 10 günündə yerləşir. Qədr gecəsinə görə bütün Ramazan ayı boyunca oruc tutulur.
23 il ərzində hissə-hissə yazılan kitabın bir ayda necə enməsi ayrı söhbətin mövzusudur, ona toxunmayacağam. Məni maraqlandıran ayrı məsələdir.

Həzərat, Quran enəndə bəlli bir fəsil olub. Tutaq ki, yay, qış, yaxud payız, yaz... Bunu hesablayıb tapmaq olar, amma məqsədim bu deyil. Soruşmaq istədiyim odur ki, əgər Quran “enəndə” məsələn, yay olubsa, hansı məntiqlə oruc gah qışda, gah yazda, gah payızda tutulur? Əgər “Quran enən gecə” (Qədr gecəsi) qışda olubsa, siz onu yayda niyə axtarırsınız? Yadıma gəlir, haradasa 10-15 il əvvəl mən özüm də oruc tutanda qışın oğlan çağı idi. İndi yaydır... Əgər quran yayda enibsə, o vaxt niyə qışda tuturduq, qışda enibsə, indi niyə yayda tutursunuz?

Bu sualı mən çox ilahiyyatçıya vermişəm. Və onların söhbəti fırlatmalarından bəlli olub ki, yeganə düzgün cavab var: cəhalət, normal təqvimin olmaması. Sadəcə bu həqiqəti dərk etmək bəsdir ki, yüz milyonlarla insan tutduğu orucun tamamilə mənasız olduğunu, təqvim cahilliyinə görə ac qaldıqlarını başa düşsün.

İndi mənə ən çox verilən sual bu olacaq: “Nə oldu, sən bir milyarddan çox insandan ağıllı çıxdın?” Dindarların ən sevimli suallarından biri budur. Hə, məhz bu məsələdə ağıllı çıxdım. Çünki fizika və riyaziyyatla mübahisə etmək olmaz, bu, sizin üçün ilahiyyat deyil, orada hər şey dəqiqdir. Bir ilin uzunluğu saniyəsinə qədər ölçülüb və qətiyyən 354 gün deyil. Sizin təqviminiz səhvdir, oradan isə digər səhvləriniz irəli gəlir və Quranın endiyi ayı olmadığı vaxtlarda axtarırsınız. Mənimlə mübahisə etmək olar, amma Yerin Günəş ətrafında hərəkəti ilə mübahisə edilməz axı!..


Teqlər:  





Xəbər lenti