Ateist idi, son nəfəsində "Allahu
Əkbər" dedi
// Anadolu rok janrının yaradıcısının həyatı

  Ateist idi, son nəfəsində "Allahu 
Əkbər" dedi   // Anadolu rok janrının yaradıcısının həyatı
  05 Aprel 2024    Oxunub:1136
Bu gün Anadolu rok janrının yaradıcılarından biri olan Cem Karacanın doğum günüdür. Sağlığında aktyorluq edən, şeirlər yazan, musiqilər bəstələyən rok ifaçısı bir çox qruplarla (“Apaşlar”, “Kardaşlar”, “Moğollar” və “Dervişan”) çalışıb, qrupların qurucusu və meneceri olub, güclü rok kultunun yaradılmasının qabaqcılları kimi tarixə düşüb.
Atası Azərbaycan əsilli Mehmet Karaca, anası erməni əsilli Toto Karaca (İrma Felegyan) olan Cem Karaca sənətin əhatəsində böyüyüb. Musiqi ilə ilk tanışlığı anasının bibisi Rosa Felegyanın Cem Karacaya piano notlarını və piano melodiyalarını öyrətməsi ilə başlayıb.

Hələ kollecdə oxuyarkən o rok musiqisi ilə maraqlanır və dostlarının istəyinə uyğun olaraq dövrün rok ulduzlarının mahnılarını ifa edirmiş. Karacanın musiqi istedadını anası Toto Karaca kəşf edib.

1962-ci ildə Cem dostlarının istəyi ilə Beyoğlu İdman Klubunda onlarla birlikdə çıxış edir. Bundan sonra o, qrup yaratmaq qərarına gəlir. Qrupa o dövrün tanınmış sənətçilərindən olan İlham Gencer dəstək olub. Cem Karacanın ilk qrupu 1963-cü ildə “Dinamiklər” adı ilə yaradılıb. Onlar səs aktyoru Fikri Çözenin yubiley konsertində çıxış ediblər. Atası Karacanın musiqi çəkməsinə qarşı idi. Bu məsələdə ona heç cür dəstək olmurdu.

1963-cü ilin sonunda qrup dağılır və qısa müddət sonra onun yerinə “Cem Karaca və Beklentiler” adlı qrup yaradılır. Bu qrupdan qısa müddət sonra Gökçen Kaynatanın orkestrində çalsa da, bu əməkdaşlıq uzun sürmür. Elə həmin il "Cem Karaca və Yaquarlar" qrupunun əsası qoyulur. Onlar 1965-ci ildə “Qızıl Mikrofon” müsabiqəsinə müraciət etsələr də, ilkin mərhələdən keçə bilmirlər.



İlk evliliyindən 3 gün sonra Karaca əsgərliyə gedib. Hərbi xidmətə 1965-ci ilin noyabr ayında Antakya 121-ci Jandarma Şəxsi Təlim Alayında başlayıb. Bu dövrdə sənətçi Anadolu mədəniyyətini tanımağa başlayıb. O, türk şairlərindən olan Aşık Mahzuni Şəriflə tanış olub.

Əsgərlikdən sonra Cem Karaca 1967-ci ilin fevralında gitaraçı Mehmet Soyarslanın qurduğu “Apaşlar” qrupu ilə tanış olur. Apaşlar əvvəllər qərb üslublu musiqilər ifa edirdilər, lakin Karaca ilə tanış olduqdan sonra musiqi daha çox şərqə yönəlir. Musiqiçi 1967-ci ildə qrupla birgə “Qızıl Mikrofona” qatılır və orada “Emrah” mahnısını ifa edirlər. Karacanın qrupu yarışmada ikinci olur, lakin birinci yer tutan qrupdan daha çox diqqət görürlər.

1968-ci ildə Cem “Milliyyet”tin "Ən çox sevilən kişi müğənnilər" sorğusunda 4-cü yeri tutur. “İlin melodiyaları” sorğusunda isə “Şəkildəki gözyaşları” mahnısı ilə 3-cü yerə layiq görülür.
1969-cu ildə qrup daxilində fikir ayrılıqları yaranmağa başlayır. Cem Karaca daha çox siyasi musiqiyə müraciət etmək istəsə də, Soyarslan bu dəyişikliyə qarşı çıxır. Qrup "Bu Son Olsun / Felek Beni" mahnılarından sonra dağılır. Elə həmin il Cem Karaca “Bunalım” qrupunun prodüserliyinə və idarəçiliyinə başlayır.



Onun növbəti fəaliyyəti isə “Kardaşlar” qrupunda davam edir. 1970-ci ilin əvvəllərində qrup üzvləri arasında çoxlu dəyişikliklər olur. Qrup üzvləri stabilləşdikdən sonra Almaniyada səs yazısı yazmağa qərar verirlər. lakin epidemiya səbəbindən Karaca və “Kardaşlar” Almaniyaya gedə bilmirlər. Buna görə də Cem Karaca Kölnə tək gedir. "Ferdy Klein" orkestri ilə öz bəstələrini və Anadolu xalq mahnılarını lentə alır. 1970-ci ilin noyabrında Karaca və “Kardaşlar” "Dadaloğlu/Kalender" adlı sinqlı buraxır.

Cem Karaca 1972-ci ilə mükafatla başlayıb. “Hey” nəşri tərəfindən "1971-ci ilin ən yaxşı kişi müğənnisi" seçilir və “Hey”in turunda iştirak edir. Sənətçi fikir ayrılığına görə “Kardaşlar”dan da ayrılır və “Moğollar”qrupuna keçir. Qrup 1972-ci ilin noyabrında “Hey” jurnalı üçün konsertdə çıxış edir. İlin sonunda “Milliyet”in sorğusunda Cem Karaca ən yaxşı kişi müğənnilər siyahısında 2-ci, “Moğollar” isə ən yaxşı yerli qrup seçilir. Qrupun əsl uğuru 1974-cü ilin əvvəlində lentə alınan "Namus Belası" mahnısı ilə əldə edilib. Mahnı o qədər populyarlaşıb ki, onun hekayəsi "Hey" jurnalında komiks şəklində dərc olunub. Lakin bu rekorddan sonra Cahit Berkay işini Fransada davam etdirmək qərarına gəlir və Cem Karaca ilə “Moğollar” yollarını ayırır.



Moğollardan ayrılan Cem Karaca Mithat Danışan və Turhan Yükseler ilə birlikdə "Karasaban" qrupunu yaratsada, uzun sürmür. 1974-cü ilin mart ayında isə “Dervişan” qrupunu yaradır. Qrup 4 il fəaliyyət göstərdikdən sonra ifaçı "Edirdahan" qrupunu yaradır və 1979-cu ildə Londonda dünyaca məşhur “Rainbow Arena”da konsert verir. Bu qrupun da ömrü uzun sürmür və Cem Karaca uzun illərdən sonra ilk dəfə qrupsuz solo fəaliyyətə başlayır. Musiqiçi Almaniyaya köçür və daha çox Nazım Hikmətin şeirlərindən ibarət “Həsrət” albomunu çıxarır. 1980-ci ildə sənətçi Türkiyədə mahnılarında kommunizmi təbliğ etməkdə ittiham olunur.



12 sentyabr çevrilişindən sonra Cem Karaca Hərbi Hüquq Məhkəməsi tərəfindən ölkəyə çağırılıb. 1981-ci il martın 13-nə qədər ona vaxt verilir. Bonnda yaşayan Cem Karaca Vətənə qayıtmaq üçün əlavə vaxt istəyir. Onun müddəti 15 iyul 1982-ci ilə qədər uzadılır, lakin Karaca Türkiyəyə qayıtmayacağını bildirir və müddəti bitdikdən sonra Yılmaz Güneylə eyni gündə, 1983-cü ilin 6 yanvarında Türkiyə vətəndaşlığından məhrum edilir. Bundan az sonra o, atası Mehmet Karacanı itirir və onun dəfnində iştirak edə bilmir.

1985-ci ildə dostu Mehmet Barı vasitəsilə baş nazir Turqut Özalla görüşən Karaca ölkəyə qayıtmaq arzusunda olduğunu deyir. Özalın müsbət cavabı ilə məhkəmə prosesi başladılır. İlin sonunda onun vətəndaşlıqdan məhrum edilməsinə səbəb olan işdən bəraət alır. 1987-ci ildə ona qarşı çıxarılan qiyabi həbs qərarı ləğv edilir. 1987-ci ilin 29 iyununda Cem Karaca Türkiyəyə qayıdır.



1992-ci ildə anası Toto Karaca vəfat edir. Bundan sonra müğənni bir müddət aktiv musiqi ilə maraqlanmır.

Sənətçinin musiqiyə dönüşü 1997-ci ilin sonunda işıq üzü görən "Ağır Roman"la olub.

Sənətçi 2004-cü ilin 8 fevralında tənəffüs və ürək çatışmazlığı səbəbindən ağır infarkt keçirib və 58 yaşında dünyasını dəyişib. Fevralın 9-da musiqiçi Karacaahmet qəbiristanlığında atası ilə eyni məzarda dəfn edilib.


Cem Karaca ilk evliliyini 22 dekabr 1965-ci ildə Semra Özgürlə edib. İkinci evliliyi isə 3 il sonra Meriç başaranla olub. Bu evlilik 2 il davam edib. Sonrakı illərdə müğənni Fəridə Balkanla evlənib və bu izdivacdan Emrah Karaca adlı oğlu dünyaya gəlib. Cem Karacanın Almaniyada məcburi qaldığı müddətdə cütlük ayrılıb. 1993-cü ildə Cem Karaca birinci həyat yoldaşı Semra Özgürlə barışıb. Ancaq bu da çox çəkməyib. Cem Karacanın son evliliyi İlkim Erkanla olub.



Bu haqda İ. Erkan danışır:” Cemi ilk görəndə ürkdüm. Mən yenə evlənəcəyəm, deyəsən deyə düşündüm. Səmimiyyətindən, təvazükarlığından, səsindən çox təsirləndim. O mənə baxarkən dünyada məndən başqa kimsə yoxmuş kimi hiss etdirdi”.

Sənətçi uzun illər ateist olub. Həyat yoldaşının sözlərinə görə, ömrünün son illərində inanclı insana çevrilib.

“Gəncliyində dinə inanan biri olmayıb. Ancaq Almaniyada yaşadığı və Türkiyəyə buraxılmadığı dönəmlərdə baxışlarında dəyişiklik olub. Ömrünün son illərində dinə çox inanırdı. Səhnəyə 21 dəfə “Bismillah” deyib çıxırdı. "Alahın sevimli quluyam" deyirdi.
Məhərrəm ayında içki qəbul etmirdi. O, bu dünyanı tərk edərkən son sözü "Allahu Əkbər" oldu”.


Qeyd edək ki, müğənni 1992-ci ildə Qarabağın ermənilər tərəfindən işğalına həsr edilmiş “Karabağ” mahnısını ifa edib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər: CemKaraca  





Xəbər lenti