““Coca-Cola”, “Absolut” da haqsız rəqabətə görə müraciət edir" - Dövlət Xidməti

   ““Coca-Cola”, “Absolut” da haqsız rəqabətə görə müraciət edir" -    Dövlət Xidməti
  18 Yanvar 2024    Oxunub:1391
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə əmtəə nişanın qanunsuz istifadə nəticəsində haqsız rəqabət halları ilə bağlı çoxlu sayda müraciətlər olur.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Xidmətinin rəis müavini müavini Cəfər Babayev deyib. O, bildirib ki, belə müraciətlərə baxılması birbaşa olaraq əmtəə nişanının sahibinin şikayəti əsasında formalaşır:

“Məsələn, bir sahibkar müəyyən bir adla restoran işlədir və onun bu ada dair əmtəə nişanınə Əqli Mülkiyyət Agentliyindən aldığı şəhadətnaməsi var. Həmin restoranın sahibi bizə müraciət edir ki, eyni və ya oxşar adla başqa bir şəxs də restoran işlədir. Burada ilkin olaraq haqsız rəqabət halı nəzərə çarpır. Bunun haqsız rəqabət sayılması üçün hər iki sahibkarın eyni sahədə fəaliyyət göstərməsi lazımdır. Yəni həmin adla fəaliyyət göstərən şəxs restoran işlətmir, oyuncaq satırsa, bu haqsız rəqabət sayılmır, əmtəə nişanından qanunsuz istifadə halı hesab edilir. Bu sahədə isə səlahiyyətli qurum Əqli Mülkiyyət Agentliyidir. Əmtəə nişanı ilə bağlı haqsız rəqabət halı olduqda biz həmin Agentliyə müraciət edirik. Onlar məsələni araşdıraraq ekspert rəyi təqdim edir və o rəy əsasında biz işi aparıb qərar qəbul edirik”.

C.Babayev qeyd edib ki, bu sahədə tək yerli deyil, xarici brendlər də çox müraciət edir.

"Məsələn keçən il ərzində “Fairy”, “Coca-Cola”, “Absolut” və digər brendlər bununla bağlı bizə müraciət edib”, -deyə C.Babayev əlavə edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti